ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutu bu il fundamental və tətbiqi tədqiqatlara geniş yer verəcək
Bakı, 21 yanvar, AZƏRTAC
AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu bu il elmi fəaliyyətini AMEA-nın Rəyasət Heyəti tərəfindən qəbul edilən “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”na uyğun olaraq genişləndirəcək. Proqramda ölkə iqtisadiyyatının inkişafına daha çox töhfə verən bir neçə prioritet istiqamətlər müəyyənləşdirilib.
Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev AZƏRTAC-a bildirib ki, 2020-ci ildə institut alimləri kimyəvi və texnoloji proseslərin tədqiqində riyazi modelləşmə və informasiya texnologiyalarından istifadə edilməsinə və elmtutumlu texnologiyaların işlənilməsinə diqqəti artıracaq. İnstitut AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə əlaqələri gücləndirməklə, real iqtisadiyyata tətbiq oluna bilən patentlər üzrə işlərin miqyasını genişləndirəcək. Elmi müəssisədə bu il beynəlxalq müştərək tədqiqatlar da aparılacaq. Bu, həm tətbiqi, həm də fundamental tədqiqatları əhatə edəcək: “Tətbiqi tədqiqatlar Ukraynanın Xarkov şəhərində yerləşən xüsusi təyinatlı müəssisələr üçün yeni sürtkü materiallarının hazırlanmasını nəzərdə tutur. Artıq əməkdaşlıq əlaqələri qurulub, sınaq işləri aparılır. Fundamental tədqiqatlar ABŞ-ın Buffalo Universitetinin kompüter araşdırmalar mərkəzi ilə riyazi kimyanın inkişaf etdirilməsini, Türkiyənin aparıcı universitetləri ilə isə patoloji proseslərə qarşı yeni inhibitorların yaradılmasını əhatə edəcək”.
“İnstitutumuz üçün çətinlik yaradan məsələlərdən biri də əldə olunan nəticələrin heyvanlar üzərində sınaqdan keçirilməsidir. Artıq bu sahədə də uğurlu əməkdaşlıq qurmuşuq. Belarus Milli Elmlər Akademiyasının Bioaktiv Maddələrin Biokimyası İnstitutunda apardığımız müştərək tədqiqatların sınaqlarını həyata keçiririk. Eyni zamanda Azərbaycan Tibb Universiteti ilə razılaşma əldə olunub. Bəzi xəstəliklərə qarşı fizioloji fəal maddələrin sınaqlarını Azərbaycanda yerinə yetirəcəyik”, – deyə akademik Vaqif Fərzəliyev qeyd edib.
O məlumat verib ki, cari ildə elm və təhsilin inteqrasiyası, beynəlxalq təşkilatların qrant müsabiqələrində iştirak, “Web of Science” bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayının çoxaldılması, elmin populyarlaşdırılması istiqamətlərində tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.