ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutu ilə Azərbaycan Tibb Universiteti müştərək beynəlxalq tədqiqatlar aparacaq
Bakı, 24 iyun, AZƏRTAC
AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə AZƏRTAC-a Aşqarlar Kimyası İnstitutundan məlumat verilib. Bildirilib ki, AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev və ATU-nun rektoru, professor Gəray Gəraybəyli tərəfindən imzalanmış sənəddə tərəflər arasında akademik mübadilələr və birgə elmi-tədqiqat işlərinin aparılması, elmi konfransların təşkili, elmlə təhsilin vəhdətinin yaradılması nəzərdə tutulub.
Qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək üçün iyunun 24-də Aşqarlar Kimyası İnstitutunda görüş keçirilib. Görüşdə institutun direktoru akademik Vaqif Fərzəliyev qeyd edib ki, AKİ-nin əsas fəaliyyət istiqaməti sürtkü materiallarının istismar xassələrini yaxşılaşdıran aşqar və sürtkü kompozisiyalarının yaradılması olsa da, digər bir istiqamət patoloji proseslərə qarşı fizioloji fəal maddələrin sintezi və funksional xassələrinin tədqiqi ilə bağlıdır: “Bu tədqiqatları sovet dövründə də aparmışıq, hətta tibb sahəsində tətbiq olunan mühüm nəticələrimiz olub. Son illərdə isə dünyanın bir sıra aparıcı ölkələrinin aparıcı elm mərkəzləri ilə bu istiqamətdə müştərək beynəlxalq tədqiqatlar aparırıq və əldə edilən mühüm nəticələr impakt faktorlu, nüfuzlu xarici jurnallarda dərc olunur və onlara çoxlu sayda istinadlar edilir”.
ATU-nun Ümumi və toksikoloji kimya kafedrasının müdiri, əczaçılıq elmləri doktoru, professor Eldar Qarayev rəhbərlik etdiyi kafedrada aparılan elmi-tədqiqatlar haqqında məlumat verib. O bildirib ki, AKİ-də sintez olunan fizioloji fəal maddələrin ATU-nun müvafiq laboratoriyalarında analizi, rəhbərlik etdiyi kafedrada alınan bitki mənşəli maddələrin kimyəvi modifikasiyası istiqamətində beynəlxalq səviyyəli elmi işlərin yerinə yetirilməsi, əldə ediləcək mühüm elmi nəticələrin müxtəlif konfrans və elmi simpoziumlarda məruzəsi, nüfuzlu xarici jurnallarda dərci hər iki müəssisəyə böyük töhfələr verəcək. Vurğulayıb ki, müqavilə tərəflərin mövcud elmi, elmi-texniki materialların və digər informasiyaların öyrənilməsi və tətbiq edilməsi məqsədilə məlumatların ötürülməsinə və qarşılıqlı təcrübə mübadilələrinin aparılmasına əlavə imkanlar açacaq.
Ümumi və toksikoloji kimya kafedrasının professoru, kimya elmləri doktoru Fikrət Quliyev birgə əməkdaşlıq çərçivəsində tibb, əczaçılıq və kimyanın müxtəlif sahələri üzrə ixtisaslaşmış tələbə və magistrantların fərdi və ya qrup halında qarşılıqlı təcrübə keçmələrinin, magistrantlara və doktorantlara birgə elmi rəhbərliyin həm institutun, həm də universitetin yüksəkixtisaslı kadrlarla təminatına fayda verəcəyini deyib.
Tərəflər sentyabr-oktyabr aylarında mövcud və perspektiv imkanların müzakirəsini nəzərdə tutan birgə elmi seminarların keçirilməsini razılaşdırıblar.