ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutunda “Nizami Gəncəvi İli” ilə bağlı seminar keçirilib

Bakı, 13 oktyabr, AZƏRTAC

AMEA-nın Aşqarlar Kimyası İnstitutunda dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan onlayn seminar keçirilib.

Bu barədə AZƏRTAC-a Aşqarlar Kimyası İnstitutundan məlumat verilib.

Tədbirdə çıxış edən institutun Baş direktoru akademik Vaqif Fərzəliyev diqqətə çatdırıb ki, Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan nadir şəxsiyyətlərdən olduğu üçün istiqamətindən asılı olmayaraq hər bir elmi müəssisə və orada çalışan alimlər onun həyat və yaradıcılığı ilə bağlı maariflənməli, əsərlərini təbliğ və təşviq etməlidir.

Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Nizami Gəncəvinin nəsil şəcərəsi və həyatı” və filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova “Xosrov və Şirin poemasında Azərbaycan Atabəyləri” mövzularında məruzə ediblər.

Məruzələrdə qeyd olunub ki, Nizami Gəncəvi qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaradıb, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Onun ailə şəcərəsinin tədqiqindən də məlum olur ki, Nizami Gəncəvi fars və ərəb dilində yazıb-yaratsa da, əsl türk oğlu, türk şairi olub və öz əsərlərində də bu məqamı vurğulayıb.

Diqqətə çatdırılıb ki, ölkəmizdə, o cümlədən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dahi şairin sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.