ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunda dissertasiya işlərinin tərtibinə dair maarifləndirmə seminarı keçirilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda magistr, doktorant və dissertantlar üçün “Dissertasiya işlərinin tərtibi və müdafiəsində yeniliklər” mövzusunda seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İnstitutun icraçı direktoru Əfsun Sucayev bildirib ki, mövzunun məqsədi bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının mövcud qanunvericilik təlimatları əsasında iddiaçılara müəyyən tövsiyələr vermək, onları maraqlandıran suallara cavab tapmaqdır. Müdafiəyə təqdim olunan istənilən elmi iş fundamental nəzəri işdirsə, ya dünya elminə və ya dar çərçivədə aid olduğu elmi istiqamətin inkişafına töhfə verməlidir: “Ona görə də doktorant və ya dissertanta mövzu verilərkən bu prinsiplər nəzərə alınmalıdır. Müşahidələrə görə dissertasiya işləri yazılarkən məqsəd, vəzifə, müddəa, nəticələr aydın başa düşülmür. Məqsəd qısa, konkret, başa düşülən, işin məzmununa uyğun olmalıdır, vəzifə isə həmin məqsədə çatmaq üçün müəyyənləşdirilmiş yollardır. Vəzifəni müdafiə olunan müddəa kimi təqdim etmək olmaz”.
Sonda Ə.Sucayev auditoriyanın ünvanlandırdığı sualları cavablandırıb.