ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutunda məktəblilərin laboratoriyalarla tanışlığına şərait yaradılır

Bakı, 5 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda beynəlxalq və respublika elm olimpiadalarında, bilik yarışlarında fərqlənən magistrlər, məktəblilər, onların elmi rəhbərləri ilə görüş keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə Türkiyənin İzmir şəhərində keçirilmiş “OKSEF-2018” məktəblilərin beynəlxalq elmi layihə olimpiadasının bürünc medalçıları, Azərbaycan Britaniya Kollecində təşkil olunmuş Bilik sərgisinin gümüş medalçıları və “Sabahın alimləri” VIII Respublika müsabiqəsində biliklərini sınayacaq məktəblilər iştirak ediblər.

AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən, institutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, istər orta ümumtəhsil, istərsə də ali məktəblərdə istedadlı gənclərin aşkara çıxarılıb elmə cəlb olunması akademiya rəhbərliyinin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biridir. Kimya Elmləri Bölməsinə daxil olan institutların hamısında, o cümlədən akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda mütəmadi olaraq tələbə, magistr və məktəblilərlə görüşlər keçirilir, onların elmi tədqiqatlar aparılan laboratoriyalarla tanışlığına hər cür şərait yaradılır.

Vaqif Fərzəliyev qeyd edib ki, ali məktəblərin bakalavr və magistrlərdən ibarət “Sabah” qrupları hər il institutda 3 ay təcrübə keçir, diplom işlərinin eksperimental hissəsini yerinə yetirirlər. Gənclərin elmə cəlb olunması üçün müxtəlif həvəsləndirmə tədbirləri keçirilməli, onlara diqqət və qayğı göstərilməlidir.

Aşqarlar Kimyası İnstitutunun həmkarlar təşkilatının sədri, dosent Elxan İsakov və Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev çıxış edərək magistr və məktəblilərin nailiyyətlərini yüksək qiymətləndiriblər.

Sonda akademik Vaqif Fərzəliyev elm olimpiadaları və Bilik sərgisində fərqlənən gənclərə və onların elmi rəhbərlərinə təşəkkürnamələr təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.