ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutunda tədbir: Azərbaycanın fədakar kimyaçı alimləri

Bakı, 19 yanvar, AZƏRTAC

AMEA-nın Aşqarlar Kimyası İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Azərbaycanın fədakar kimyaçı alimləri” mövzusunda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, əvvəlcə 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən institutun baş direktoru akademik Vaqif Fərzəliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə günahsız, əliyalın insanlara qarşı həyata keçirilən qətliamın insanlığa qarşı törədilmiş ən ağır cinayət olduğunu söyləyib.

Akademik qeyd edib ki, milli azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, günahsız insanların qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 20 Yanvar Azərbaycanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb.

“Həmin qırğından 3-4 gün keçməsinə baxmayaraq 1990-cı il yanvarın 24–də şəhid olanlardan Azərbaycanın fədakar kimyaçı alimləri, professorlar İbrahim İbrahimov, İsmayıl Mursaqulov və Svetlana Məmmədova da var idi. Digər alimlərimiz İdris Əhmədov və Parlaq Məmmədova isə ağır yaralanmışdılar. Bəlkə də, tarixi təsadüfdür ki, bizim institutun aparıcı elmi işçisi olmuş professor İdris Əhmədov 3 il bundan öncə məhz 2019-cu il yanvarın 20-də vəfat etdi. Şübhəsiz, onun vəfatında o zaman aldığı fiziki zədə və ən əsası da mənəvi sarsıntıların öz təsiri olmuşdur”, - Vaqif Fərzəliyev qeyd edib.

“20 Yanvar - Ümumxalq Hüzn Günü” mövzusunda məruzə ilə çıxış edən institutun YAP ilk ərazi təşkilatının sədr müavini Səbiyə Osmanova Qanlı Yanvarın təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu söyləyib. O qeyd edib ki, bu gün Şəhidlər xiyabanı Azərbaycanın hər bir vətəndaşının müqəddəs and yeri və ziyarətgahına çevrilib.

Tədbirdə çıxış edənlər Qanlı Yanvar hadisələrindən söz açıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.