ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunun alimləri neft yataqlarının mikroflorasını öyrənir
Bakı, 14 iyul, AZƏRTAC
AMEA-nın Aşqarlar Kimyası İnstitutunun Yağlayıcı-soyuducu mayelərə aşqarlar laboratoriyasının alimləri tərəfindən “Balaxanı” və “Bibiheybət” yataqları ərazilərindən götürülən lay suyu və neft nümunələri mikrobioloji analiz olunur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu tədqiqatlar SOCAR-ın Elm Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Neftsıxışdırıcı və biosid xassələrə malik nanokompozitlərin işlənib hazırlanması” layihəsi çərçivəsində aparılır. Cari ilin geridə qalan 6 ayı ərzində yerinə yetirilən ilkin tədqiqatlar nəticəsində 1 ml lay suyu və ya neftdə olan bakteriyaların, göbələklərin və sulfatreduksiyaedici bakteriyaların miqdarı müəyyən edilib.
Tədqiqatların nəticələrindən məlum olub ki, “Bibiheybət” yatağı yaxınlığından götürülən lay suyu nümunələrində mikroorqanizmlərin miqdarı “Balaxanı” yatağı ərazisindən götürülən lay suyu nümunələrinə nisbətən daha çoxdur. Bu, “Bibiheybət” yatağı yaxınlığından götürülən lay suyu nümunələrində olan neftin miqdarının (6,5 faiz) daha az, digər nümunələrdə isə neftin miqdarının daha çox (9 faiz) olması ilə əlaqədardır. Hazırda elmi tədqiqatlar davam etdirilir.