ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunun magistrləri onlayn tədrisə cəlb olunacaqlar
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik Vaqif Fərzəliyev yeni dərs ilində magistrlərin onlayn rejimdə tədrisə cəlb olunacağını qeyd edib: “Artıq institutun Təhsil şöbəsi bütün hazırlıq prosesini tamamlayıb. İndiyə qədər tədris prosesinin həyata keçirildiyi əsas kafedrada maddi-texniki baza tam yenilənib. Kompüterlər müasir tədris proqramları ilə təchiz edilib. Müəllimlərimiz mühazirə və seminar dərsləri “Zoom” və “Microsoft Teams” platforması üzərindən keçəcəklər”.
Akademik AMEA-da magistr hazırlığının üstünlüklərindən də bəhs edib: “Artıq 5 ilə yaxındır ki, AMEA-da magistr hazırlığı həyata keçirilir. Bu, ilk növbədə, elmdə fasiləsizliyi aradan qaldırıb. Çünki magistraturanı elmin ilk pilləsi hesab etmək olar. Akademiyada bu pilləni yüksək səviyyədə başa vuranlar növbəti mərhələdə doktoranturada təhsillərini davam etdirirlər. Bu da həm ölkənin, həm də elmi tədqiqat müəssisəsinin yüksəkixtisaslı kadrlara olan ehtiyacını ödəmiş olur”.
O qeyd edib ki, AMEA-da magistrantların daha çox praktik hazırlığına önəm verilir: “Təhsilin ilk ilindən magistrantlar laboratoriyaya cəlb olunur, həm nəzəri biliklərini laboratoriyalarda möhkəmləndirir, həm də elmi-tədqiqat işlərinin təcrübi hissəsini yerinə yetirirlər. Artıq təhsilin sonunda onlar laboratoriyada müstəqil tədqiqat apara bilən mütəxəssislərə çevrilirlər. Onların elmi məqalələri “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan nüfuzlu jurnallarda dərc olunur”.
İnstitut rəhbəri vurğulayıb ki, müəllimlər magistr hazırlığının kəmiyyət və keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması üçün müəllimlər tədris etdiyi fənnə aid ixtisaslaşmış dərs vəsaitlərinin, kitabların hazırlanıb çap edilməsinə önəm verməlidirlər.
İnstitutun Təhsil şöbəsinin müdiri Sədaqət Şamxalova magistr hazırlığı ilə bağlı aparılan işlər haqqında məlumat verib. O bildirib ki, mövcud təlimat və qaydalara görə, ilk mərhələdə həm mühazirə, həm də seminar dərsləri onlayn təşkil olunacaq. Oktyabrın 1-dən isə magistrantların elmi tədqiqatlara cəlb olunması və onlara təcrübi vərdişlərin aşılanması üçün laboratoriya dərslərinin canlı, yəni laboratoriya şəraitində keçirilməsi nəzərdə tutulur.
İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Əfsun Sucayev, elmi katib Mehparə Səfərova, professor Həqiqət Cavadova öz fikir və təkliflərini səsləndiriblər.