ELM VƏ TƏHSİL
“Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər” üzrə komitənin ilk iclası olub
Bakı, 22 oktyabr, AZƏRTAC
“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən AMEA-nın Aşqarlar Kimyası İnstitutunun nəzdində yaradılan AZSTAND/TK 34 “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər” Standartlaşdırma üzrə Texniki Komitənin videoformatda ilk iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Texniki Komitənin sədri, institutun baş direktoru akademik Vaqif Fərzəliyev çıxış edərək komitənin yaradılmasında məqsədin Azərbaycanda istehsal olunan aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelərə tələb olunacaq standartların beynəlxalq standart səviyyəsində tərtib edilməsi və bu işlərin səmərələşdirilməsi olduğunu söyləyib. Qeyd edilib ki, Texniki Komitənin fəaliyyətinin əsas istiqamətlərinə standartlaşdırmanın inkişaf proqramı və illik işlərin planının, həmçinin standart layihələrinin, qüvvədə olan standartların yenidən baxılması, standartlara dəyişikliklərin hazırlanması, komitənin hazırladığı standartlardan istifadə edən təşkilatlara, müəssisələrə, birliklərə elmi-metodik köməyin göstərilməsi, standartların tətbiqinin analizi və effektiv istifadəsinin həyata keçirilməsi, mövzu üzrə kataloqların hazırlanması və buraxılmasının təşkili kimi məsələlərin həlli daxildir.
Vaqif Fərzəliyev vurğulayıb ki, Texniki Komitənin tərkibinə respublikada qeyd olunan sahədə tədqiqat, istehsalat və tətbiq ilə əlaqədar ümumilikdə 10 təşkilat üzrə nümayəndələr daxil edilib. “Hazırda 2021-ci il üçün təsdiq edilmiş Fəaliyyət Planına daxil edilmiş 9 dövlət standartı yoxlanılması işləri həyata keçirilir”, - deyə akademik söyləyib.
Qeyd edək ki, iclasda AMEA-nın Aşqarlar Kimyası, Neft-Kimya Prosesləri institutlarının, Yüksək Texnologiyalar Parkının rezidenti “Təcrübə Sənaye Zavodu” MMC-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, “Azərenerji” ASC-nin, Heydər Əliyev adına Neft Emalı Zavodunun və “Technoil” MMC-nin nümayəndələri iştirak ediblər. Tədbirdə Texniki Komitənin üzvləri ilə tanışlıq, komitənin fəaliyyəti və atılacaq addımlar haqqında müzakirələr aparılıb, habelə yeni üzvlərin qəbul edilməsi barədə səsvermə keçirilib.