CƏMİYYƏT


Əsrin böyük səadəti - Azərbaycan Xalq Cümhuriyyəti

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) “Əsrin böyük səadəti - Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda tədbir-sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunan tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdə yeri” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Xalqımızın milli oyanışını və dirçəlişini təcəssüm etdirən, Azərbaycanın milli dövlətçilik ənənələrini daha da zənginləşdirən Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə silinməz iz qoyub.

Milli Məclisin deputatları Asim Mollazadə, Xanhüseyn Kazımlı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov və digər çıxış edənlər bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib. Respublika mövcud olduğu 23 aylıq qısa müddətdə demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirib.

Çıxışçılar xalqımızın tarixində çox mühüm yeri olan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Azərbaycan Prezidentinin Sərəncamına əsasən silsilə tədbirlərin təşkil olunduğunu bildiriblər. 1918-ci il mayın 28-də yaradılan, müsəlman dünyasının ilk parlamentli respublikası kimi dünyanın demokratik dövlətləri tərəfindən tanınan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın qan yaddaşında silinməz izlər buraxdığı, müasir müstəqil Azərbaycanın Cümhuriyyətin siyasi varisi olduğu xüsusi qeyd edilib.

Natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın qədim dövlətçilik tarixinin şanlı səhifələrindən olduğunu diqqətə çatdırıb, Cümhuriyyətin hüquqi varisi olan müstəqil respublikamızın əldə etdiyi mühüm uğurlardan danışıblar.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan “Milli dövlətçilik tariximizə diqqət və ehtiram” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.

Sonra Əməkdar Rəssam Əşrəf Heybətovun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən rəsm sərgisinin nümayişi olub.

Bildirilib ki, rəssamın milli mövzuda işlədiyi 28 əsəri bugünkü sərgidə nümayiş olunur. Rəssamın yaradıcılığında Şərq ənənəsi və Qərbin çağdaş plastikası üzvü surətdə birləşib. Əşrəf Heybətovun əsərləri dəfələrlə Avropanın bir çox ölkələrində uğurla nümayiş olunub.

Sonra Əşrəf Heybətova fəxri fərmanlar təqdim edilib.

Rəssam göstərilən diqqətə görə iştirakçılara minnətdarlığını bildirib.

Sonda hərbi-vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.