ELM VƏ TƏHSİL
Əsrin daş yaddaşında mənim də sözüm qaldı
Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində görkəmli epiqraf alim, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətovanın 95 illiyinə həsr olunan “Əsrin daş yaddaşında mənim də sözüm qaldı” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı görkəmli alimin mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından, qazandığı nailiyyətlərdən danışıb.
Qeyd olunub ki, Məşədixanım Nemətova 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Alim Azərbaycanın orta əsrlər epiqrafik abidələrini tədqiq edib. O, 12 monoqrafiyanın, 200-dən çox elmi məqalənin, 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu”nun müəllifidir.
M.Nemətovanın elmi fəaliyyəti təkcə epiqrafik abidələri aşkar etmək, toplamaq, tərcümə və nəşr etməkdən ibarət olmayıb. Alimin çoxillik tədqiqatları nəticəsində aşkar olunan epiqrafik abidələr dəyərli mənbə kimi də Azərbaycan tarixinin müxtəlif konseptual problemlərinin tədqiqində mühüm rol oynayır. O, 1948-ci ildən başlayaraq Azərbaycanın tarixi ərazilərini gəzib, 2500-dən çox yazını oxuyub, Azərbaycan tarixşünaslığını külli miqdarda yeni və dəqiq faktlarla zənginləşdirib.
Akademik N.Vəlixanlı görkəmli alimlə bağlı xatirələrini də bölüşüb.
Tədbirdə muzeyin direktor müavini, dosent Həbibə Əliyeva “Əsrin daş yaddaşında mənim də sözüm qaldı” mövzusunda təqdimat edib.
Sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Bağırova, muzeyin şöbə müdiri, tarix elmləri doktoru Əli Rəcəbli, professorlar Abbas Seyidov, Şahin Fərzəlibəyov, Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva görkəmli alim Məşədixanım Nemətovanın elmə verdiyi töhfələrdən, tariximizin öyrənilməsindəki xidmətlərindən bəhs edib, əsərlərinin əhəmiyyətini vurğulayıblar.
Alimin qızı, tarix elmləri doktoru Vəfa Quliyeva tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.