ELM VƏ TƏHSİL
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) yeni dərs ilinin başlanması münasibətilə universitet tələbələri ilə görüş və “Əsrin müqaviləsinin müstəqil dövlətçiliyin güclənməsində rolu” mövzusunda tədbir keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, bu ali təshil ocağının rektoru İlham Mədətov tələbə adını qazanan gəncləri təbrik edib, onlara uğurlar qazanıb, dəyərli kadr kimi formalaşmağı arzulayıb.
Universitetin tədris işləri üzrə prorektoru İranə Əliyeva birinci kurs tələbələrinə ATMU-nun fəaliyyət istiqamətlər ibarədə məlumat verib.
İ.Əliyeva bildirib ki, Azərbaycanda təhsilin inkişaf tendensiyalı əsası ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısından, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışan İ.Əliyeva diqqətə çatdırıb ki, obyektivlik və şəffaflıq, tədrisin yüksək səviyyədə təşkili üçün ATMU-da əsaslı işlər görülüb. O, tələbələri nizam-intizama ciddi fikir verməyi, qarşıdan gələn imtahan sessiyalarına məsuliyyətlə hazırlaşmağı tövsiyə edib.
Tədbirdə məruzə ilə çıxış edən ATMU-nun elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov vurğulayıb ki, “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabrında ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu sayəsində imzalanıb. Həmin ilin dekabrında isə müqavilə Milli Məclis tərəfindən ratifikasiya olunub. Sənədin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açıb. Bir sözlə, bu müqavilənin imzalanması müasir müstəqil Azərbaycanın inkişafının əsasını təşkil edir.
Azərbaycanda həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli neft-qaz layihələri barədə məlumat verən A.Eminov diqqətə çatdırıb ki, əldə olunan gəlir xalqımızın, dövlətimizin sosial-iqtisadi inkişafına yönəlib.
ATMU-nun turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov qeyd edib ki, ulu öndər Heydər Əliyevin neft strategiyası sayəsində ictimai-siyasi sabitliyə nail olunub. Azərbaycan nəinki neft sənayesində, qeyri-neft sektorunda da sərmayəçilər üçün əlverişli və cəlbedici ölkəyə çevrilib.
Sonda tələbələrin sualları cavablandırılıb, müzakirələr aparılıb.