REGİONLAR


“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının əsasını qoyub

Ağcabədi, 20 sentyabr, AZƏRTAC

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin neft yataqlarının işlənilməsində xarici şirkətlərlə genişmiqyaslı əməkdaşlığın başlanğıcı olmaqla yanaşı, Azərbaycanın iqtisadi inkişafının əsasını qoyub.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, bu fikir Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə səsləndirilib. Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının binasında keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak edib.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxışında "Əsrin müqaviləsi"nin tarixindən və əhəmiyyətindən danışıb. Bildirib ki, 1994-cü ildə Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış 7 ölkəsindən olan 11 neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə hasilatın pay bölgüsü sazişinin imzalanması yenicə müstəqillik qazanmış Azərbaycan üçün tarixi hadisə idi. Bu müqavilə böyük dövlət xadimi Heydər Əliyevin gərgin zəhməti və uzaqgörənliyi hesabına imzalanıb. Ulu Öndər bu sazişə sadəcə Azərbaycana firavanlıq gətirəcək iqtisadi müqavilə kimi baxmır, “Əsrin müqaviləsi”ni həm də Azərbaycanın istiqlalını qoruyacaq zireh kimi görürdü.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan xalqı bu sazişin nəticələrini öz həyatında görür.

Tədbirdə çıxış edən rayon ziyalıları və ictimaiyyət nümayəndələri “Əsrin müqaviləsi”nin ölkəmizin inkişafına göstərdiyi yüksək təsirdən, əldə olunmuş gəlirlərin ölkəmizin çiçəklənməsinə, xalqımızın rifah halının yaxşılaşdırılmasına sərf edilməsindən razılıqlarını bildirərək bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.