CƏMİYYƏT


“Əsrin müqaviləsi” hər bir Azərbaycan vətəndaşının həyatını dəyişib

Bakı, 20 sentyabr, AZƏRTAC

Öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə mühüm əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”ndə dünyanın ən qabaqcıl ölkələrinin ən məşhur neft şirkətləri iştirak edib və bununla da yeni neft strategiyası və doktrinası uğurla həyata keçirilməyə başlanılıb. Bu gün 25 illiyini qeyd etdiyimiz “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın inkişafının təməl prinsipi rolunu oynadı.

Bu sözləri “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sentyabrın 20-də keçirdiyi “Xəzər dostluq, inkişaf və sülh rəmzidir” adlı tədbirdə partiyanın rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı qeyd edib ki, dövrün mürəkkəb şərtlərinə baxmayaraq, Azərbaycanın gələcəyinə inam nümayiş etdirmiş tərəfdaş dövlətlərin dəstəyi və nüfuzlu enerji şirkətlərinin iştirakı ilə Bakıda imzalanmış bu tarixi saziş 25 il sonra da öz əhəmiyyətini qoruyub saxlayıb, ölkəmizi Avropanın əsas enerji təminatçılarından birinə çevirib. 1994-cü ilin 20 sentyabrında təməli Ümummilli Liderimiz tərəfindən qoyulmuş çoxşaxəli enerji siyasəti bu layihədə iştirak edən ölkə və xalqların timsalında əməkdaşlığın, sabitliyin, dayanıqlı inkişafın və dostluğun tərənnümünə çevrilib. Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. “Əsrin müqaviləsi” ölkəmizin, hər bir Azərbaycan vətəndaşının həyatında mühüm rol oynamaqla bərabər, həyatımızı da dəyişib.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Telman Salavatov ulu öndər Heydər Əliyevin “Əsrin müqaviləsi” kimi tarixi əhəmiyyətli layihənin reallaşmasındakı gərgin əməyindən danışıb. O qeyd edib ki, bu müqavilənin imzalanması cəsarət və qətiyyət tələb edirdi. Çünki Azərbaycanda o dövrdə çox çətin geosiyasi mühit mövcud idi. Lakin Ulu Öndər xalqımızın rifahı, dövlətimizin inkişafı naminə mühüm addımlar ataraq bu tarixi müqavilənin imzalanmasına nail oldu. Bu müqavilənin icrası ilə Azərbaycan dövləti yeni inkişaf imkanları qazandı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.