REGİONLAR
Əsrlər keçsə də Bülbülün valehedici səsi insanlara mənəvi rahatlıq bəxş edəcək
Mingəçevir, 23 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq, Mingəçevir Turizm Kollecində Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) 120 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdən öncə tələbələrin əl işləri, eləcə də Bülbülün həyat və yaradıcılığının əks olunduğu maraqlı sənət əsərləri kollecin foyesində sərgilənib.
Konfransda çıxış edən kollecin direktoru, professor Əyyub Əyyubov görkəmli sənətkarın şərəfli ömür yolu və əsrarəngiz yaradıcılığı barədə məlumat verib, Bülbülü Azərbaycan incəsənətinin xəzinəsi adlandırıb: “Bülbül sadəcə mahir ifaçı deyildi. O, həm də çətin musiqi janrlarının bilicisi idi. Hələ Azərbaycan Dövlət Opera və Balet Teatrında yaratdığı İbn Salam, Aşıq Qərib, Koroğlu, Kərəm obrazları qibtə olunacaq sənət əsərləridir. Çoxsaylı romanslar, muğam nümunələri və xalq mahnıları məhz onun ifasında özünün zirvəsinə çatıb. Eyni zamanda, Bülbül istedadlı pedaqoq və tədqiqatçı kimi uğurlu həyat yolu keçib. İllər, əsrlər keçsə də onun valehedici səsi insanlara mənəvi rahatlıq bəxş edəcək”.
Sonra Bülbülün həyat və yaradıcılığından bəhs edən videoçarxa baxış keçirilib.
Daha sonra pedaqoqlardan Kifayət Əliyeva, Elnarə İsmayılova, Əşrəf Əsgərov və Aybəniz Əliyevanın “Unudulmaz Bülbül haqqında xatirələr”, “Bülbülün musiqi dünyasında xidmətləri”, “Azərbaycanın dahi sənətkarı” və “Murtuza Məmmədovun ev muzeyi” mövzusunda məruzələri dinlənilib. Qeyd edilib ki, Bülbül zəngin yaradıcılıq yolu keçərək özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyub.
Konfrans tələbə özfəaliyyət qrupunun təqdim etdiyi ədəbi-bədii sənətkarın kompozisiyanın nümayişi ilə başa çatıb.