SİYASƏT


“Associated Press” Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən yazır

Bakı, 1 dekabr, AZƏRTAC

“Associated Press” agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin erməni işğalından azad edilmiş Kəlbəcər rayonunun yenidən bərpa ediləcəyi ilə bağlı fikirlərinin əks olunduğu məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, məlumatda 44 günlük gərgin döyüşlərə son qoymuş üçtərəfli razılaşmaya əsasən Ermənistanın Azərbaycana qaytardığı Kəlbəcər rayonunun yenidən dirçəldiləcəyi barədə Azərbaycan Prezidentinin fikirləri yer alıb.

Dövlətimizin başçısı xalqa müraciəti zamanı söylədiyi bu fikirlər məlumatda əksini tapıb: “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaqdır”.

Məlumatda Ermənistanla Azərbaycan arasında 30 ilə yaxındır davam edən müharibənin yenidən alovlandığı və sentyabrın 27-dən etibarən gərgin döyüşlərin başladığı qeyd olunur. Bildirilir ki, razılaşmaya əsasən noyabrın 15-də Kəlbəcərin qaytarılması nəzərdə tutulsa da, Ermənistan tərəfinin xahişindən sonra Azərbaycan rayonun geri qaytarılması üçün əlavə vaxtın verilməsinə razı olub. Azərbaycanın həmin vaxtı bölgədəki hava şəraitinin pisləşməsi ilə əlaqədar yaranan çətinliklə bağlı olaraq verdiyi qeyd edilir.

Məlumatda gərgin döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl və Füzuli şəhərlərini və bir çox əhəmiyyətli əraziləri işğaldan azad etdiyi bildirilir.

Müəllif Prezident İlham Əliyevin xalqa müraciəti zamanı ermənilərin işğal altında saxladığı əraziləri məhv etdiyini kəskin pislədiyini və həmin əraziləri bərpa edəcəyini vurğuladığını qeyd edir. Məqalədə Azərbaycan Prezidentinin bununla bağlı fikirlərindən sitat gətirilir: “Biz düşməni məsuliyyətə cəlb edəcəyik, cavab verəcəkdir, bütün hərbi cinayətlərə görə, bütün dağıntılara görə. Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də, həmçinin Cəbrayılda da, həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var”.

Məqalədə, həmçinin üçtərəfli razılaşmaya əsasən Kəlbəcər rayonunu tərk edən ermənilərin öz evlərini yandırdıqları bildirilir.

“Kəlbəcərdə baş verənlər əsl vandalizmdir. Ermənilər nəinki evlərimizi, hətta rayondakı məktəbləri, mədəniyyət mərkəzlərini və digər mülki obyektlərimizi yandırıblar, meşələri, hətta mal-qaranı məhv ediblər,” – deyə 1990-cı illərdə rayondan köçkün düşmüş Vəlyəddin İsmayılov “Associated Press”ə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.