REGİONLAR
Assosiasiya sədri: Fermer qazanc əldə etməlidir ki, növbəti il əkin aparmaqda maraqlı olsun
Bakı, 11 iyul, AZƏRTAC
Ötən ilə nisbətən bu il taxıl sahələrindən daha çox məhsul yığılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu sözləri Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının idarə heyətinin sədri Taleh Qasımov deyib.
Assosiasiya sədri qeyd edib: “Ötən il iyulun 9-dək ölkədə 2 milyon 319 min ton taxıl yığılmışdısa, bu ilin müvafiq dövründə 2 milyon 884 min ton taxıl toplanıb. Başqa sözlə, bu il ötən ilə nisbətən 565 min ton daha çox taxıl yığılıb”.
Onun sözlərinə görə, bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən çox olacaq. “Əgər keçən il hər hektara görə orta məhsuldarlıq 29,6 sentner olubsa, bu il hər hektara orta məhsuldarlıq 31,6 sentnerə yüksəlib. Müşahidələr göstərir ki, bu il taxıl istehsalı ötən ildəkindən çox olacaq”, - deyə assosiasiya sədri bildirib.
T.Qasımov aqrotexniki qulluq qaydalarına düzgün riayət etməklə məhsuldarlığı daha da artırmağın mümkünlüyünü qeyd edib: “Assosiasiya taxıl istehsalının və taxılçılıq məhsulları ilə özünütəminetmə səviyyəsinin artırılması üçün fermerlərin maarifləndirilməsinə xüsusi diqqət yetirəcək. Bundan başqa, aqrar sahədə çalışanların bazarın nəbzini daha yaxşı tutması üçün onlara lazımi məsləhət və tövsiyələr veriləcək. Bildiyiniz kimi, dünya bazarında kənd təsərrüfatı məhsullarının qiyməti hər il müxtəlif istiqamətlərdə dəyişir. Məsələn, bu il dünya bazarında qarğıdalı baha, taxıl ucuz olursa, gələn il qiymətlər əksinə olur. Balansı düzgün tənzimləmək və fermerlərin qazanması üçün öz tövsiyəmizi verəcəyik. Çünki fermer bu sahədən qazanc əldə etməsə, növbəti il əkində maraqlı olmayacaq”.
O bildirib ki, taxıl istehsalçıları məhsulun satışı ilə bağlı heç bir problemlə üzləşmir: “Son illərdə ölkədə çoxlu taxıl qəbul məntəqələri və elavatorlar inşa olunub. Fermerlər istehsal etdikləri məhsulu saxlayıb istədikləri vaxt sata bilərlər”.