REGİONLAR
Assosiasiya sədri: Son illər tütünçülüyə maraq göstərənlərin sayı xeyli artıb
Zaqatala, 16 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Aqrar sahənin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət strategiyasının əsas tərkib hissələrindən biridir. 2016-cı ildən etibarən ölkədə kənd təsərrüfatının ənənəvi sahələri olan pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq, çayçılıq və digər sahələr üzrə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb, müvafiq Dövlət proqramları qəbul edilib.
Azərbaycan Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın da əsas məqsədi ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq, tütün məmulatlarının ixracını təşviq etmək və beləliklə, ölkədə tütünçülüklə məşğul olan insanların gəlir əldə etmək imkanlarını genişləndirməkdir.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı kənd təsərrüfatı sahəsində aparılan islahatların daha böyük nəticələrə çatmağa imkan verəcəyini vurğulayaraq deyib: “Mənim iradlarımı tütünçülüyə də aid etmək olar. Bu sahə də demək olar ki, batıb gedirdi. Heç bir dövlət dəstəyi göstərilmirdi. Ancaq biz bu məsələ ilə məşğul olmağa, qurutma kameralarının yaradılmasına, tütün istehsalının təşviqi üçün addımlar atmağa başlayanda dərhal gözəl nəticələri görürük”. Tütünçülükdə mövcud vəziyyəti konkret rəqəmlərlə diqqətə çatdıran Prezident İlham Əliyev daha sonra deyib: “Əgər 2015-ci ildə 3400 ton quru tütün istehsal olunubsa, bu il 6 min ton quru tütün istehsalı nəzərdə tutulur, təxminən iki dəfə çox. Doqquz min insan tütünçülükdə işləyir, yaxşı pul qazanır. Bax, görülən işlərin nəticəsi budur”.
Azərbaycanda tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və potensial mövcuddur
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası istiqamətində atılan addımlardan biri də bir il əvvəl, ötən ilin oktyabrında Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis edilməsi olub.
AZƏRTAC-ın bölgə müxbiri Assosiasiyanın sədri Telman Həsrətovla görüşüb, ötən bir ildə qurum tərəfindən görülən işlər və nəzərdə tutulan tədbirlər barədə maraqlanıb.
Assosiasiyanın sədri bildirib ki, respublikamızda, xüsusilə də şimal-qərb bölgəsi rayonlarında tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və potensial mövcuddur. İxrac potensialı yüksək olan bu sahə uzun illər diqqətdən kənarda qalsa da, son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində tütünçülük yenidən dirçəlməyə başlayıb, bu gəlirli sahəyə maraq göstərənlərin sayı xeyli artıb.
Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası fermerlərin problemlərini öyrənərək aidiyyəti qurumlara təkliflər verir
Telman Həsrətovun sözlərinə görə, Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması da məhz tütün və tütün məmulatları istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək, bu sahənin inkişafını daha da sürətləndirmək, istehsalı və ixracı artırmaq zərurətindən irəli gəlib. Assosiasiyanın fəaliyyət istiqamətinə, həmçinin tütün istehsalçılarının problemlərini öyrənərək aidiyyəti qurumlara çatdırmaq, problemlərin həllinə kömək göstərmək, təkliflər vermək və digər məsələlər daxildir.
Assosiasiyanın fəaliyyətinin səmərəli təşkili üçün İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri, həmçinin digər dövlət qurumları tərəfindən müvafiq kömək göstərilir. Ötən müddətdə bu qurumlar tərəfindən tütün istehsalçıları ilə görüşlər, təlimlər keçirilib, metodiki tövsiyələr verilib. Hazırda Assosiasiyanın tütünçülüklə məşğul olan rayonlarda 28 üzvü var. Ancaq qurumun xidmətindən faydalananların sayı daha çoxdur.
Son illər tütünçülüklə məşğul olanların sayı xeyli artıb
Assosiasiya sədri bildirib ki, Dövlət Proqramında 2021-ci ildə quru tütün istehsalının 12 min tona çatdırılması qarşıya hədəf olaraq qoyulub. Dövlətin bu sahəyə göstərdiyi diqqətin nəticəsi olaraq son illər tütünçülüklə məşğul olanların sayı xeyli çoxalıb. Paralel olaraq, məhsul istehsalı da ildən-ilə artır. Fermerlər daha çox “Virciniya” növlü ətirli tütünün yetişdirilməsinə maraq göstərirlər. Çünki yerli tütün sortlarının məhsuldarlığı aşağı olur, həm də tütünün qurudulması prosesi zamanı əsasən əl əməyindən istifadə edilir. Yaş tütünün ipə düzülməsi prosesi xeyli vaxt aparır, zəhmət tələb edir. “Virciniya” növlü tütün isə sahələrdən yığılaraq birbaşa emal məntəqələrinə gətirilir və qurudulmaq üçün kameralara yerləşdirilir.
Tütünqurutma kameralarının sayının daha da artırılmasına ehtiyac var
Hazırda əsas çətinliklərin qurutma kameralarının sayının azlığı ilə bağlı olduğunu vurğulayan Telman Həsrətov deyib: “Bu il tütün sahələrində bol məhsul yetişdirilib. Qurutma kameralarının sayının az olması fermerlərin işini bir az çətinləşdirir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, cari ildə tütünqurutma kameralarının sayının artırılması istiqamətində xeyli iş görülüb. “Azərtütün” MMC tərəfindən Balakən və Oğuz rayonlarında yeni qəbul məntəqələri yaradılıb. Eyni zamanda, yerli sahibkarlar tərəfindən də Şəki və Oğuz rayonlarında tütün qəbulu məntəqələri açılıb. Lakin kameraların sayı yenə də azdır. Məsələn, Zaqatala və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinin hər birində əlavə olaraq 40 kameranın quraşdırılmasına ciddi ehtiyac var. Qurutma kameralarının sayının azlığı xüsusilə tütün yığımının qızğın çağında özünü büruzə verir. Məntəqələrdəki kameraların hamısı yaş tütünlə dolu olduğundan istehsalçı məhsulunu qurutmaq üçün növbə gözləməli olur. Nəticədə tütün uzun müddət sahədə günün altında qalır, keyfiyyəti aşağı düşür, çəkisi azalır. Bu da, öz növbəsində, istehsalçının qazancına təsir göstərir.
İstehsalçılar tütünün alış qiymətinin hər növ üçün 5 qəpik artırılmasını təklif edirlər
Assosiasiya sədrinin sözlərinə görə, istehsalçıların narazılıqlarından biri də tütünün qiyməti ilə bağlıdır. Hazırda yaş tütünün alış qiyməti birinci növü üçün 25 qəpik, ikinci növ üçün 17 qəpik, üçüncü növ üçün isə 10 qəpik müəyyənləşdirilib. Bu qiymət istehsalçıları qane etmir. Çünki tütünçülük işçi qüvvəsi tələb olunan bir sahədir. Tütün şitillərinin sahəyə köçürülməsi, aqrotexniki qulluq işləri və yığım vaxtı xeyli işçi qüvvəsi lazım gəlir. Mövsüm vaxtı sərfəli qiymətə işçi qüvvəsi tapmaq çətin olur. Ona görə də fermerlər tütünün alış qiymətinin hər bir növ üçün 5 qəpik artırılmasını təklif edirlər. Tütün istehsalçılarının, eyni zamanda, şitilvuran və cərgəarası becərmə işlərinin aparılması üçün müasir texnikaya, avadanlığa da ehtiyacı var.
Bütün bu təkliflər ümumiləşdirilərək aidiyyəti qurumlara göndərilib.
“Dağlar” kəndli-fermer təsərrüfatı Zaqatalada tütünçülüklə yanaşı, taxılçılıq, fındıqçılıq və baramaçılığın da inkişafına töhfə verir
Telman Həsrətov, eyni zamanda, Zaqatala rayonunda fəaliyyət göstərən “Dağlar” kəndli-fermer təsərrüfatına da rəhbərlik edir. Fermer üçüncü ildir ki, tütünçülüklə məşğul olur. İlk dəfə 2016-cı ildə 65 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkib, 780 ton yaşıl tütün istehsal edib. 2017-ci ildə əkin sahəsini genişləndirərək 110 hektara çatdıran təsərrüfat rəhbəri mövsümün sonunda sahələrdən 1200 ton yaşıl kütlə götürməyə müvəffəq olub. İstehsalçı builki mövsümdə də 110 hektar sahədə tütün yetişdirib, indiyədək qəbul məntəqəsinə 700 tona yaxın yaşıl tütün kütləsi təhvil verib. Cari mövsüm üçün hədəf isə 1500 tondur. Tütün yığımına 50 nəfərədək işçi qüvvəsi cəlb edilib. Onların hər birinə gündəlik olaraq 15 manat ödənilir.
“Dağlar” kəndli-fermer təsərrüfatı bu il 200 hektar sahədə taxıl əkməyi də planlaşdırır. Artıq səpin işlərinə başlanılıb. Bundan əlavə, ötən il təsərrüfat tərəfindən 37 hektar sahədə yeni fındıq bağları da salınıb.