QAN YADDAŞI
Astanada 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir VİDEO
Astana, 21 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi yanvarın 20-də L.Qumilyov adına Qazaxıstan Avrasiya Milli Universitetində şəhidlərin xatirəsinə həsr edilmiş anım mərasimi keçirmişdir.
Tədbirdə ictimai-siyasi xadimlər, qeyri-hökümət təşkilatının nümayəndələri və diasporumuzun fəalları iştirak etmişlər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, “Qurani-Kərim”dən surə oxunmuşdur.
Mərasimdə çıxış edən səfirliyin müşaviri Şahin Əhmədov xalqımızın tarixində ən qanlı səhifələrdən biri olan 20 Yanvar faciəsinin səbəb və nəticələrindən danışmışdır. Keçmiş SSRİ-nin süqutu ərəfəsində respublikamıza rəhbərlik edən şəxslərin xalqımızın azadlıq arzularına qarşı çıxdıqlarını diqqətə çatdıran diplomat demişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hərbi cinayətə kəskin etirazını bildirmiş, günahkarların cəzalandırılmasını tələb etmişdir.
Diplomat bildirmişdir ki, yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlanmış, hadisə öz hüquqi-siyasi qiymətini almışdır. Şahin Əhmədov Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağını və bu faciənin günahkarlarının cəzalandırılacağına əmin olduğunu vurğulamışdır.
Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsinin hər kəs üçün əziz olduğunu qeyd edərək demişdir: Mən 20 Yanvarı Azərbaycan xalqının faciə günü deyil, məhz qəhrəmanlıq günü adlandırıram. Çünki xalq qalib gəldi və müstəqillik qazandı. Buna görə də şəhidlər qarşısında baş əyir və düşünürəm ki, gənc nəsil bu qəhrəmanlıq haqda daha ətraflı məlumatlandırılmalıdır.
“Nur-Otan” partiyasının üzvü akademik Kazbek Kazkenov 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin ən şərəfli səhifəsi olduğunu bildirmişdir. Akademik qeyd etmişdir ki, bu yöndə təbliğatı daha da gücləndirmək lazımdır.
Qazaxıstanın birinci prezidentinin muzeyinin direktor müavini Botaqöz Nainova söz alaraq demişdir: Qanlı Yanvar haqqında qəzet və kitablardan oxumuşuq. Mən bu ağrılı günlərdən mərdliklə çıxdığına görə Azərbaycan xalqına minnətdaram. Bakıda olduğum zaman Şəhidlər Xiyabanını ziyarət edərkən cavan oğlan və qızların məzarları önündən keçdikcə ürəyim parçalanırdı. Şəhidlər müstəqilliyin təməlini qoymuşdur. Heydər Əliyevin səyləri nəticəsində faciə siyasi-hüquqi qiymətini almışdır. Bütün maneələrə baxmayaraq Heydər Əliyev baş verənləri dünya ictimaiyyətinə çatdırmağa nail oldu.
Daha sonra mərasimdə Qazaxıstan Azərbaycan Assosiasiyasının prezidenti Asxat Şükürov, “Heydərçi Gənclər” təşkilatının sədri Bəhruz Axundov çıxış edərək şəhidlərin müstəqillik uğrunda canlarından keçdiklərini vurğulamış, Azərbaycan dövlətçiliyinin daim qorunacağına, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə əmin olduqlarını bildirmişlər.
Sonda 20 Yanvar hadisələrinin dəhşətlərini əks etdirən fotoşəkillər və sənədli film nümayiş olunmuşdur.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana