MƏDƏNİYYƏT
Astanada Azərbaycanın Novruz adət-ənənələri nümayış etdirilib VİDEO
Astana, 18 mart, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı və icmamızın dəstəyi ilə Novruz bayramına həsr edilən tədbir keçirilib.
Tədbirdə Qazaxıstanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Tədbir çərçivəsində özündə qədimliyin və müasirliyin vəhdətini əks etdirən Bakı haqqında fotosərgi, eləcə də Azərbaycanda istehsal edilən məhsullar, ölkəmizlə bağlı müxtəlif nəşrlər nümayiş olunub.
Novruz bayramı haqqında qısametrajlı sənədli filmlə başlayan tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. İl çərçivəsində Novruz şənliyi Azərbaycanda daha təntənəli şəkildə qeyd edilir. Azərbaycan əsrlər boyu milli mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır.
Səfir vurğulayıb ki, bir çox azərbaycanlıların taleləri elə gətirib ki, onlar öz doğma torpaqlarından didərgin düşərək Qazaxıstan torpağına pənah gətiriblər. Qazax xalqı da onlara böyük qayğı göstərib, isti qucaq açıb, onların cəmiyyətə inteqrasiyası üçün şərait yaradıb. Bu gün Qazaxıstan həmin azərbaycanlılarının ikinci vətənidir.
Sonra Qazaxıstan Xalq Assambleyası katibliyinin rəhbəri Eralı Tuqjanov çıxış edərək deyib ki, Qazaxıstanda da Novruz bayramı xalqın ən qədim bayramlarından hesab edilir. Məhz Qazaxıstanda 130-dan çox millətin yaşaması tolerantlığın, multikulturalizmin, dözümlülüyün bariz nümunəsidir.
Sonra mərasimdə Novruz adət-ənənələri nümayiş etdirilib. Qonaqlara məlumat verilib ki, bu gün Novruzun xalqımız tərəfindən sevilməsi onun adətləri ilə də sıx bağlıdır. Papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, yumurta döyüşdürmək, yallı getmək və xoruz döyüşdürmək kimi Novruz oyunları min illərin adət-ənənəsidir. Tədbirdə milli mətbəximizlə yanaşı, Azərbaycanda yaşayan azsaylı xalqların mətbəxinin nümunələri də təqdim edilib, musiqiləri dinlənilib.
Mərasim bayram konserti ilə davam edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana