İQTİSADİYYAT
Astanada “EXPO 2017-Gələcəyin enerjisi” beynəlxalq sərgisinə hazırlıq müzakirə edilib
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycanın Energetika Nazirliyinin aparat rəhbəri İftixar Hüseynov Astanda keçiriləcək “EXPO 2017-Gələcəyin enerjisi” Beynəlxalq Sərgisinə hazırlıq işlərinin təşkili ilə əlaqədar ikinci toplantıda iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Qazaxıstanın baş nazirinin müavini xanım Dariqa Nazarbayevanın, xarici işlər nazirinin birinci müavini, “EXPO-2017” beynəlxalq sərgisinin komissarı Rapil Joşıbayevin, Beynəlxalq Sərgilər Bürosunun baş katibi Vinsente Lossertalesin qatıldığı tədbirdə 100-dən çox ölkənin 270 nəfərdən ibarət nümayəndə heyəti təmsil olunub. Tədbirdə hazırlıq işlərinin yüksək səviyyədə yerinə yetirildiyi bildirilib.
Qeyd edilib ki, sərgi pavilyonları 2016-ci ilin noyabrında tam hazır vəziyyətə gətiriləcək. Tədbirdə Astana şəhərinin “EXPO-2017” üçün hazırlığı, “EXPO-2017”nin memarlıq və tikintisi, “Gələcəyin Enerjisi Forumu-ən yaxşı təcrübə zonası”, əməliyyat fəaliyyəti, kommersiya, korporativ iştirak və sponsorluq, rabitə və mədəni- əyləncəli proqramla bağlı təqdimatlar da nümayiş etdirilib.
Tədbir çərçivəsində Rusiya və Çin də daxil olmaqla 13 iştirak müqaviləsinin imzalanması ilə 75 ölkə və 14 beynəlxalq təşkilat “EXPO 2017-Gələcəyin enerjisi” beynəlxalq sərgisində iştirakını təsdiqləyib. Azərbaycan sərgidə iştirakını rəsmi şəkildə təsdiq edən ilk ölkələrdəndir. “EXPO-2017” beynəlxalq sərgisi 2017-ci il iyunun 10-dan sentyabrın 10-dək Qazaxıstan paytaxtında keçiriləcək.