CƏMİYYƏT
Astanada “KADEX-2014” III hərbi-texnoloji sərgisi keçirilir VİDEO
Astana, 23 may (AZƏRTAC). Astanada ilk dəfə Mərkəzi Asiya regionunda ən böyük “KADEX-2014” III hərbi-texnoloji sərgisinin rəsmi açılış mərasimi olmuşdur.
Qazaxıstanın müdafiə naziri Serik Axmetovun iştirak etdiyi sərgiyə Azərbaycandan Müdafiə Nazirliyinin zabitləri, həmçinin Silahlı Qüvvələrimizin Qazaxıstandakı hərbi attaşesi, polkovnik Əmir Nəcəfov ziyarətçi qismində qatılmışlar.
Açıq və qapalı poliqonlarda elmin son nailiyyətləri, o cümlədən ən yeni hərbi təyinatlı məhsullar nümayiş olunmuşdur.
Dünyanın 27 ölkəsindən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən 300-dən artıq şirkətin təmsil olunduğu sərgidə Qazaxıstanın 80 müəssisəsinin məhsulları nümayiş etdirilir. Sərgidə kosmik texnologiyalar və hərbi robot texnikası istehsalı ilə məşğul olan yerli və xarici şirkətlər də iştirak edir.
Bundan başqa, tədbir çərçivəsində pilot qruplarının “Alatau” və “Jetısu” nümunəvi çıxışları keçirilmişdir.
Sərgi çərçivəsində bir sıra yeni texnologiyaların təqdimatı keçirilmişdir. “KADEX-2014”də ən böyük milli pavilyonlar Türkiyə və Rusiyanın olmuşdur. Sərgi mayın 25-də başa çatacaqdır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana