CƏMİYYƏT
Astanada TürkPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının üçüncü iclası keçirilib VİDEO
Astana, 23 iyun, AZƏRTAC
Qazaxıstanda Türkdilli Ölkələrin Parlament Assambleyasının ətraf mühit və təbii ehtiyatlar komissiyasının üçüncü iclası keçirilib.
Toplantıda Türk Şurasına üzv ölkələrdə bərpa olunan enerji, ətraf mühit və qida təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub.
Qazaxıstan Parlament Məclisində keçirilən iclasda Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstandan olan deputatlar, dövlət rəsmiləri və diplomatlar iştirak ediblər. Toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrdə bərpa olunan enerji mənbələrinə üstünlük verilməsi, ətraf mühitə böyük zərər verən tullantılarının nəzarət altına alınması və geni dəyişdirilmiş qidalar mövzusunda ətraflı müzakirələr aparıldı.
TürkPA ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, alternativ enerji mənbələrinin inkişaf etdirilməsi ölkələrimiz qarşısında duran ən vacib məsələlərdən biridir. “İclasın gündəliyinə əsasən alternativ enerji mənbələrinin inkişafı, alternativ enerji mənbələrindən istifadə yollarını müzakirə etdik. Burada hazırlanan sənəd TürkPA-nın 7-ci plenar iclasına tövsiyə olunub. Alternativ enerji mənbələri bizim ölkələrimiz üçün çox vacib məsələlərdir. Çünki neft də, qaz da, kömür də bitəcək amma günəş, külək, su enerjisi kimi enerji resursları bitməyəcək. Ona görə biz bu resurslardan geniş istifadə eləməliyik”, - deyə komissiyanın sədri vurğulayıb.
Türkiyəli deputat, TürkPA ətraf mühit və təbii ehtiyatlar komissiyasının üzvü Feyzullah Kıyıklık isə ətraf mühitin və ekologiyanın qorunması, təbii resurslardan səmərəli istifadənin təşviqi istiqamətində parlamentlərin və komissiyanın üzərinə düşən öhdəliklərə diqqət çəkib.
TürkPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının növbəti iclasının Qırğızıstanda keçirilməsi qərara alınıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana