CƏMİYYƏT
Astanada beynəlxalq konfransda “Dayanıqlı İnkişaf Məqsədi” haqqında mövqe sənədi təqdim edilib
Bakı, 15 iyun, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev və Beynəlxalq Dayanıqlı Enerji Təşkilatının (İSEO) prezidenti Qustav R.Qrob Qazaxıstanın Astana şəhərində keçirilən nazirlər konfransının və 8-ci Dayanıqlı Enerji Forumunun açılışında "Dayanıqlı Enerji Çağırışları"na dair Dayanıqlı İnkişaf Məqsədi mövqe sənədini təqdim ediblər.
Bu barədə AZƏRTAC-a BAMF-dan məlumat veriblər.
BAMF-ISEO-APFREEE SDG birgə sənədi davamlı enerji probleminə həsr olunub və elektrik enerjisinin istehlakı və istehsalına dəstək üçün fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığa çağırır.
Fondun prezidenti Umud Mirzəyev, İSEO-nun prezidenti Qustav R.Qrob və afrikalı təmsilçi, eləcə də Bərpa Olunan Enerji Mənbələrinin və Enerji Effektivliyinin (APFREEE) Ərəb Platformasının prezidenti Kamil Esseqairi keçən ilin noyabrında İsveçrənin Cenevrə şəhərində keçirilən 25-ci Ümumdünya Təmiz Enerji Konfransında "Üç Dayaq" Afrika-Asiya-Avropa Əməkdaşlıq sənədini imzalayıblar. Bununla da üç QHT təşkilatını, ictimai fəallar səviyyəsində onların səylərini və resurslarını Yaxın Şərq və Şimali Afrikada, eləcə də Qafqaz-Mərkəzi Asiyada (MENA) birləşdirəcək əməkdaşlığın əsası qoyulub.
BAMF prezidenti U.Mirzəyev və İSEO prezidenti Qustav R.Qrob Astanada dayanıqlı enerji probleminin həll olunmasına dair VIII Beynəlxalq Forumun iştirakçıları ilə bir sıra görüşlər də keçiriblər. Belə görüşlərdən biri BMT Baş katibinin müavini, Asiya-Sakit okean (ESCAP) İqtisadi və Sosial Komissiyasının icraçı katibi Şamşad Aktarla olub.
Həmçinin müstəqil araşdırmacı Yasir Rəşid və Avropa və Beynəlxalq İqtisadi Hüquq professoru Rəfael Leal-Arkasla da görüşlər keçirilib.