CƏMİYYƏT
Astanada dövlət qulluğunun təkmilləşdirilməsinə dair konfransda Azərbaycan nümayəndələri də iştirak ediblər
Astana, 11 iyun, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada Dövlət Qulluğu üzrə Regional Xabın təşkilatçılığı ilə dövlət qulluğu və onun təkmilləşdirilməsi məsələlərinə həsr edilmiş illik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, 40-dan çox ölkənin rəhbər vəzifəli şəxslərinin, ekspertlərinin iştirak etdiyi tədbirdə dövlət qulluğunun əsas istiqamətləri müzakirə edilib.
Konfransda Azərbaycanı Dövlət İmtahan Mərkəzinin və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri təmsil ediblər. Onlar çıxışlarında Azərbaycan Respublikasında dövlət qulluğu, elektron xidmətlər, elektron hökumət sahəsində tətbiq edilən innovasiyalar barədə məlumat veriblər.
Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri və Korrupsiyaya qarşı Mübarizə üzrə Agentliyinin, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Dövlət İdarəçiliyi üzrə Amerika Cəmiyyətinin, Asiya Dövlət İdarəçiliyi Assosiasiyasının və BMT-nin İnkişaf Proqramının nümayəndələri açılış nitqi ilə çıxış edib, ikitərəfli və çoxtərəfli əməkdaşlığın, potensial quruculuğun inkişaf etdirilməsində Dövlət Qulluğu üzrə Regional Xabın rolunu vurğulayıblar.
Tədbirdə Mərkəzi Asiya və Qafqaz ölkələrinin, Butan, Bosniya və Herseqovina, Makedoniya, Moldova, Monteneqronun nümayəndələri çıxış edərək Xabın əməkdaşlığın qurulmasında, eləcə də dövlət qulluğu, dövlət xidmətlərinin çatdırılmasında innovasiyaların tətbiqi və elektron hökumətin inkişafı üzrə bilik və təcrübə mübadiləsi üçün önəmli bir platforma olduğunu qeyd ediblər.
Konfransda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının və Xabın birgə araşdırması olan Qazaxıstan dövlət qulluğunda islahatlar, ABŞ-ın və region ölkələrinin timsalında dövlət qulluqçularının əməkhaqqı sisteminin ödənilməsi sahəsində istiqamətlər barədə təqdimatlar keçirilib.
Tədbir iştirakçıları Qazaxıstanda vətəndaşlara göstərilən dövlət xidmətləri və tətbiq edilən innovasiyalar ilə tanış olmaq məqsədilə bir sıra dövlət qurumlarında olublar. Ekspertlərin iştirakı ilə Xab çərçivəsində ilk dəfə mühazirələr seriyası (Hub Talks) təşkil edilib.
Bu tədbir 2013-cü ilin martında əsası qoyulan Regional Xabın beşillik fəaliyyətinə həsr olunub. Bir neçə sessiyadan ibarət konfransda üzv dövlətlər arasında təcrübə və fikir mübadiləsi aparılıb. Konfrans çərçivəsində Xabın fəaliyyətində göstərdikləri xidmətlərə görə bir neçə mütəxəssis mükafatlandırılıb.
Qeyd edək ki, hazırda Regional Xabın Amerika, Avropa İttifaqı, MDB, Qafqaz və ASEAN ölkələri daxil olmaqla 40 üzvü var.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana