QAN YADDAŞI
Astanada dünya soyqırımlarına həsr olunan fotosərgi keçirilib VİDEO
Astana, 22 fevral, АZƏRTAC
Astanada “Bir də heç zaman: Aşarşılık, Holokost, Kamboca, Xocalı, Ruanda” adlı fotosərgi keçirilib.
Dünyada insanlığa qarşı törədilən cinayətlərə - Kamboca (1975-1979), Ruanda (1994), Xocalı (1992) və Holokost (1941-1945) soyqırımlarına, Aşarşılık (1932-1933) (Qazaxıstanda aclıq) həsr olunmuş sərgi dörd zonaya bölünüb.
Azərbaycanın Qazaxıstandakı səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası və Qazaxıstan Dövlət Tarixi İnstitutunun dəstəyi ilə baş tutan fotosərgidə insanlıq tarixində dəhşətli soyqırımlarının əks olunduğu fotolar nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, soyqırımı insanlığa qarşı törədilən ən ağır cinayət növüdür. “Dünyada baş verən ən böyük soyqırımlarını əks etdirən fotosərgini təşkil etməkdə məqsədimiz cəmiyyətdə sülhün və həmrəyliyin möhkəmləndirilməsinə yönəldilib. Sərginin adından da aydın olur ki, biz bu cür hadisələrin təkrarlanmasına etiraz edirik.”
Səfir qeyd edib ki, biz istənilən təzahürün qarşısını ala bilmək üçün tariximizi bilməliyik, bizə yaxın olan xalqların tarixini öyrənməliyik. Dünyada xalqlar arasında sülh və həmrəylik qıtlığının yarandığı bir gündə tolerantlığın və multikulturalizmin möhkəmləndirilməsi üçün bu cür tədbirləri keçirməliyik.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, bu tədbir dünyada qlobal problemlərdən birinə həsr olunub. Kamboca, Ruanda, Xocalı və Holokost soyqırımları, Aşarşılık, insan yaddaşında qanlı iz buraxıb. Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı genosidi dünyada zorakılığı, qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində vəhşilik aktıdır. Bu faciəvi hadisədən 26 il keçməsinə baxmayaraq, insanların qəlbində ağrılarla xatırlanır. Xocalı soyqırımı zamanı yüzlərlə müxtəlif yaşlı dinc sakin güllələndi, azyaşlı uşaq, qoca öldürüldü. Bütün bu hadisələrdən danışanda biz müxtəlif xalqları, dinlərindən asılı olmayaraq bir anda yaxınlarını itirmiş, milyonlarla evlərindən sürgün olunmuşları yaddan çıxara bilmərik. Uşaqların ölüm faciəsi hər bir xalqın gələcəyinin faciəsidir. Müharibə və genosid sivilizasiyanı tərk etməlidir. Bununla mübarizə hər birimizin borcudur. Bu hadisələrin nəticəsində insanlar məhv olur, min illərlə yaradılan mədəniyyət abidələri dağıdılır. Məhz belə günlərdə türkdilli xalqlar ümumi irsin qorunması üçün daha da sıx birləşməlidirlər. Biz zorakılığın, terrorun əleyhinəyik. Biz inanırıq ki, birlik və sülh yolu ilə vandalizmi və zorakılığı dəf edəcəyik.
Astana şəhərinin baş ravvini Şmuel Karnaux Azərbaycan səfirliyinin soyqırımların xatırlanması, ədalətin bərpa olunması və sülhə çağırış təşəbbüsünü yüksək qiymətləndirib. O deyib: “Belə faciələr hər birimiz üçün ağrılıdır. Nə etmək lazımdır ki, bir daha belə faciələr təkrarlanmasın? Bunun üzərində düşünmək, yüz minlərlə, milyonlarla insanın qətlinə gətirib çıxaran bu cür hadisələrin heç bir zaman baş verməməsinə çalışmaq lazımdır. Soyqırımlarında yaşananların, çox yaxın bir tarixdə bütün dünyanın gözü önündə mülki əhalinin qətliama uğradılması faktlarının dünyanın hər yerində ictimaiyyətin diqqətinə gətirilməsi və bu cür cinayətlərin qarşısının alınması üçün bu, vacib bir tədbirdir”.
Qazaxıstan Dövlət Tarixi İnstitutunun direktor müavini Amangəldi Kaşkimbayev ötən əsrin 30-cu illərində məqsədyönlü şəkildə Qazaxıstanda və Orta Asiyada milyonlarla insanın aclıqdan tələf edilməsinə yönəldilmiş Aşarşılık qətliamını da yad etdiyi üçün Azərbaycan səfirliyinə minnətdarlıq ifadə edib, Xocalı, Holokost və digər soyqırımlarının tarixə və insanların qəlbinə qara ləkə kimi düşdüyünü bildirib.
Çıxışlardan sonra Aşarşılık, Holokost, Komboca, Xocalı, Ruanda soyqırımlarının hər birinə aid guşənin açıldığı fotosərgiyə baxış keçirilib.
Tədbirdə Qazaxıstanın və Azərbaycanın parlament nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Qazaxıstan Xalqlar Assambleyasının üzvləri, ictimaiyyətin nümayəndələri, tələbələr və soydaşlarımız, yerli və xarici KİV nümayəndələri iştirak ediblər.
Fotosərgiyə gələnlərə Xocalı faciəsi haqda ətraflı məlumat verilib.
Sonra Azərbaycanın Əməkdar Artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun pianoda ifaları təqdim olunub.
Musiqisi Azad Ospanov tərəfindən bəstələnmiş, Xocalı soyqırımına həsr olunan “Fevral ildırımı” adlı yeni mahnı anım mərasimində qazaxıstanlı müğənni Neyla Quliyevanın ifasında səsləndirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana