CƏMİYYƏT


Astanada keçirilən beynəlxalq konfransda Azərbaycanın korrupsiyaya qarşı mübarizə strategiyasına böyük maraq göstərilib

Astana, 7 dekabr, AZƏRTAC 

Astanada “Qlobal kontekstdə korrupsiyanın qarşısının alınması” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, 9 dekabr - Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan konfransda ölkəmizi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Elnur Musayev təmsil edib.

Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri və Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin ATƏT-in və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə təşkil etdiyi tədbirə bir sıra xarici ölkələrin antikorrupsiya qurumlarının, beynəlxalq təşkilatların, media qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri qatılıblar.

Tədbirdə korrupsiyaya qarşı mübarizədə beynəlxalq təşkilatların səyləri və dövlət antikorrupsiya qurumlarının rolu, bu sahədə məlumatlılığın artırılmasında beynəlxalq reytinqlərin əhəmiyyəti, işgüzar dairələrin və vətəndaş cəmiyyətinin töhfəsi mövzularında məruzələr dinlənilib.

“Korrupsiyaya qarşı təsirli mübarizənin zəmini olan institusional sabitlik” mövzusunda məruzə ilə çıxış edən Elnur Musayev Azərbaycanda institusional quruculuq sahəsində reallaşdırılan uğurlu islahatlar nəticəsində dövlət idarəçiliyinin gücləndiyini və sabitliyin təmin olunduğunu vurğulayıb. O, korrupsiyaya qarşı mübarizə strategiyasının tutarlı nəticələri barədə məlumat verib.

Konfransda bölgənin digər ölkələri ilə müqayisədə Azərbaycanın sabit və davamlı inkişaf edən antikorrupsiya modeli uğurlu təcrübə kimi təqdir edilib.

Tədbirdə korrupsiyaya qarşı mübarizədə səylərin gücləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.