SİYASƏT
Astanada ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı beynəlxalq konfrans keçirilib VİDEO
Astana, 6 aprel, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Müstəqilliyin 25 illiyi -müstəqil dövlətlərin formalaşmasında liderlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Beynəlxalq Türk Akademiyası və Azərbaycanın Qazaxıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdən öncə Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı nəşrlərdən ibarət kitab sərgisi keçirilib. Burada Ümummilli Liderin həyatı və siyasi fəaliyyəti ilə bağlı ayrı-ayrı əsərlər iştirakçılarda böyük maraq yaradıb.
Sonra Ulu Öndərin həyatının müxtəlif dövrlərini özündə əks etdirən videoçarx nümayiş olunub.
Beynəlxalq konfransda bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, hərbi attaşelər, Qazaxıstanın tanınmış ictimai-siyasi xadimləri, elm adamları və tədqiqatçılar iştirak ediblər.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali ulu öndər Heydər Əliyevi bütün türk dünyasının siyasi xadimi kimi dəyərləndirib. Bildirib ki, Ulu Öndər türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına, bu əlaqələrin inkişafına hər zaman dəstək verib.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov isə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün misilsiz işlər gördüyünü diqqətə çatdırıb. Diplomat vurğulayıb ki, qardaş Qazaxıstanla Azərbaycan arasında əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevlə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin mühüm xidmətləri olub. Bu gün də həmin siyasətə söykənən münasibətlər getdikcə inkişaf edir. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışarkən Ümummilli Liderin bu istiqamətdəki fəaliyyəti barədə də konfrans iştirakçılarına məlumat verib. Bir daha qeyd edilib ki, Ulu Öndərin yüksək ideyaları, amalları bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ağsaqqallar Birliyinin üzvü, keçmiş senator Adil Əhmədov “Türk dünyasının formalaşmasında Heydər Əliyevin siyasi lider kimi rolu” mövzusunda çıxış edib.
Tarix İnstitutunun direktoru Burkit Ayaqan ulu öndər Heydər Əliyevi nəinki müasir Azərbaycanın, eləcə də regionun və dünyanın tarixi şəxsiyyəti kimi xarakterizə edib. O deyib ki, tarix belə liderləri heç vaxt unutmur.
Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzlər İttifaqının sədri Vidadi Salahov “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda çıxışında Ulu Öndərin bütün dünyada yaşayan azərbaycanlıların vahid ideya ətrafında birləşməsindəki əvəzsiz xidmətlərindən danışıb.
“Nur Otan” Partiyasının Təhlil, Proqnozlaşdırma və Sosial Təşəbbüslər Mərkəzinin direktoru, akademik Kazbek Kaskenov və başqaları Heydər Əliyevin siyasi lider kimi bir sıra səciyyəvi xüsusiyyətlərini qeyd ediblər. Vurğulanıb ki, onun müdrik və uzaqgörən şəxsiyyət kimi liderliyi qeyri-stabil mühitdə yaşayan, xaosun girdabına yuvarlanan xalqı vahid ideologiya altında birləşdirdi, Azərbaycanı funksional dövlətə çevirdi, tarixi ənənələrini qorumaqla inkişaf kursunu seçən dövlət yaratdı.
Tədbirdə ulu öndər Heydər Əliyevə həsr olunan film nümayiş etdirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana