REGİONLAR
Astara Park-Bulvar Kompleksinin ikinci hissəsi gələn ay istifadəyə veriləcək
Astara, 18 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 18-də Astara Rayon İcra Hakimiyyətinin geniş şura iclasında 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bu ilin birinci rübündə Astarada sosial-iqtisadi inkişaf sahəsində müəyyən uğurların qazanıldığını bildirib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Astara şəhərində Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinin ərazisinin genişləndirilməsi istiqamətində işlər layihəyə əsasən uğurla davam etdirilir. Park-bulvar kompleksinin ikinci hissəsinin mayın 28-də istifadəyə verilməsi nəzərdə tutulub.
Şura iclasında rayon icra hakimiyyəti başçısının müavini İlqar Malıyevin hesabat məruzəsi dinlənilib.
Məruzədə qeyd olunub ki, rayonda ümumi məhsul və xidmətlərin həcmi 2018-ci ilin birinci rübündə 14,5 faiz artaraq 36,5 milyon manat təşkil edib. Bunun 11 faizi sənayedə, 24,3 faizi kənd təsərrüfatında, 20,3 faizi tikintidə, 41,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 2,5 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,6 faizi informasiya və rabitədə olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,1 dəfə artıb, orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 339 manat təşkil edib.
Hazırda 11 kilometr uzunluğu olan Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisi davam etdirilir. Bu yolun asfaltlanması ilə bir neçə iri yaşayış məntəqəsinin çoxsaylı sakinlərinin rahatlığı təmin olunacaq.
Aqrar sahədə görülən işlərdən danışılarkən bildirilib ki, ölkəmizdə çay, çəltik və sitrus meyvəçiliyinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsi, bu sahələrin inkişafına dövlət dəstəyinin gücləndirilməsi məhsul istehsalçıları tərəfindən razılıqla qarşılanıb.
2018-ci ilin məhsulu üçün rayonda 32,5 hektarda buğda, 0,5 hektar sahədə arpa, 165 hektarda paxlalı bitkilər, 37 hektarda qarğıdalı, 831 hektarda kartof, 848 hektarda faraş tərəvəz, 30 hektarda bostan bitkiləri və 354 hektar sahədə yonca əkilib.
Bu ilin üç ayı ərzində rayonda iribuynuzlu mal-qaranın sayı 40 min 549 başa, xırda buynuzluların sayı 23 min 989 başa çatdırılıb, 949 ton diri çəkidə ət, 6 min 777 ton süd, 2255 min ədəd yumurta istehsal olunub.
Rayon Məşğulluq Mərkəzində 570 nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb. Qeydiyyata alınanların 357 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunub. Ailə biznesini genişləndirmək məqsədi ilə aztəminatlı ailələrdən olan işaxtaran və işsiz vətəndaşlardan 31 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilməklə təlimlərə başlanılıb.
Bildirilib ki, 2018-ci ilin birinci rübündə Bala Şahağac kəndində 96 şagird yerlik modul tipli məktəb istifadəyə verilib, Siyətük kənd 56 şagird yerlik modul tipli ibtidai məktəb binasının tikintisi isə yekunlaşmaq üzrədir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 mart tarixli Sərəncamı ilə Şəmətük kəndində 20 şagird yerlik və Doli kəndində 40 şagird yerlik modul tipli yeni məktəb binalarının tikintisi üçün vəsait ayrılıb.
Məruzə ətrafında rayon su-kanal idarəsinin müdiri Anar Baxşıyev, 49 nömrəli Yol İstismarı MMC-nin rəisi Qurban Əliyev və başqaları çıxış ediblər.
Yığıncağı yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Q.Ağayev qarşıda duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqlarını verib.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.