REGİONLAR
Astara Rayon Ağsaqqallar Şurasının növbədənkənar konfransı keçirilib
Astara, 27 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 27-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Astara Rayon Ağsaqqallar Şurasının növbədənkənar VI konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində görkəmli dövlət xadiminin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Konfransda Astara Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Respublika Ağsaqqallar Şurası sədrinin müavini, akademik Sudeyif İmamverdiyev, aparat rəhbəri Yaqub Mehdiyev, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi nümayəndəliklərində fəaliyyət göstərən Ağsaqqallar Şurasının sədrləri və fəal üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransda təşkilati məsələlərə baxılıb. Açıq səsvermə yolu ilə 21 nəfərdən ibarət Şura üzvləri və 9 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb.
Gülağa Rzayev Astara Rayon Ağsaqqallar Şurasının sədri, Ələsgər Əliyev və Natiq İbadov sədr müavinləri seçiliblər.
Sonra çıxış edən Respublika Ağsaqqallar Şurası sədrinin müavini, akademik Sudeyif İmamverdiyev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Rayon Ağsaqqallar Şurasının yeni seçilən üzvlərini təbrik edərək, onlara xoş arzularını çatdırıblar.
Qeyd olunub ki, Astara rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanlımış uğurlarda ağsaqqalların da əməyi var. Onlar rayonun ictimai-siyasi həyatında fəal iştirak etməklə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə töhfələrini verirlər.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət nəticəsində müstəqil dövlətimiz artıq dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olub. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə mühüm uğurlara imza atır. Hər bir sahədə inkişaf və tərəqqi var. Ölkəmizin iqtisadi qüdrəti ildən-ilə artır. Bu gün təkcə Bakı şəhəri deyil, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində ən ucqar yaşayış məntəqələri də gülüstana çevrilib. Bunu Astara rayonunun timsalında aydın görmək olar.