İQTİSADİYYAT
Astara–Slavkov istiqamətində hərəkət edən test konteyneri Slavkov stansiyasına çatıb
Bakı, 24 may, AZƏRTAC
“Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həyata keçirilməsi layihəsi çərçivəsində Astara (İran) – Slavkov (Polşa) xətti ilə Azərbaycan ərazisi ilə hərəkət edən test konteyneri artıq Polşanın Slavkov stansiyasına çatıb.
“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, test məqsədilə həyata keçirilən layihənin operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dir. Şirkətin İsveçrənin “Hupac Intermodal” şirkəti ilə birgə əməkdaşlığı nəticəsində konteyner Azərbaycan və İran ərazisindən 596 kilometr, Gürcüstandan 396 kilometr, Qara dənizlə 1040 kilometr, Ukrayna ərazisindən 965 kilometr, Polşadan 399 kilometr keçməklə ümumilikdə 3396 kilometr qət edib. Konteyner GPS sistemi ilə təchiz edilib ki, bu da marşrut boyu hərəkəti izləməyə imkan verib.
Qeyd edək ki, operatoru “ADY Konteyner” şirkəti olan bu test daşıma “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Marşrutunun texnologiyasının işlənilməsi, o cümlədən yüklərin çatdırılma müddətini ölçmək üçün həyata keçirilib. Test qatarının çıxış stansiyası olan Polşanın Slavkov Avroterminalı 1520 millimetrlik dəmir yolu xətti ilə 1435 millimetrlik Avropa standartlı dəmir yolu xəttinin kəsişməsində yerləşir ki, bu da qərbi Avropa ölkələrindən yükləri bu terminalda qəbul edib və daha sonra “Cənub-Qərb” marşrutu üzrə daşımaq üçün imkan yaradır. Slavkov Avroterminalından (http://www.euterminal.pl/) gündəlik olaraq blok qatarlar yola düşür və “ADY Konteyner” MMC-nin konteynerləri bu blok qatara qoşulur. Blok qatarı Slavkovdan Astaraya olan məsafəni 8 günə qət edəcək. Eyni müddətdə də geri qayıdacaq.