REGİONLAR
Astara Tarix-Diyarşünaslıq Muzeyinə gələnlərin sayı artıb
Astara, 12 avqust, Bağır Əliyev, AZƏRTAC
Yay mövsümündə bölgələrə gələn turistlər təkcə təbiət qoynunda dincəlmir, həm də olduqları yerin tarixi, maddi-mədəni nümunələri ilə maraqlanırlar.
AZƏRTAC xəbər verir ki, yay turizm mövsümü ilə bağlı Astara Tarix-Diyarşünaslıq Muzeyinə gələnlərin sayı artıb. 7800-ə yaxın eksponatın qorunduğu muzeyə təkcə bu ilin yay mövsümündə 300-dən çox turist gəlib və bu proses davam etməkdədir.
Astara Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülzar İsmayılova bildirib ki, muzeyə gələnlərin yarısını əcnəbi turistlər, yarısını da Azərbaycanın digər bölgələrindən gələnlər təşkil edir. Əcnəbi turistlərin əksəriyyəti Rusiyadan gələnlərdir.
Turistlər daha çox qədim və nadir tapıntılar, həmçinin bölgənin özünəməxsus adət-ənənələri ilə maraqlanırlar. Bu baxımdan Astaranın Hamuşam kəndində tapılan və 2000 ildən yuxarı yaşı olan daş heykəllər daha çox diqqəti cəlb edir.
Qeyd edək ki, bu ilin altı ayında Astara Tarix-Diyarşünaslıq Muzeyində 70-dən artıq yeni eksponat toplanıb.