REGİONLAR
Astara polisi İrandan qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik tərkibli həblər aşkarlayıb
Astara, 10 dekabr, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilmiş 451 ədəd narkotik vasitə metadon həbi aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Təngərüd kənd sakini Səxavət Qasımov 4 ədəd metadon həbini satarkən saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 447 ədəd metadon həbi aşkar edilərək götürülüb.
S.Qasımov narkotik vasitəni Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə keçirmiş İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.