CƏMİYYƏT
Astara rayonunda “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib
Bakı, 2 fevral, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Siyakü kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsinin əhəmiyyətini bildirib. Qeyd edib ki, hər birimiz yetişən gənc nəslin sağlam böyüməsinə, valideynlərinin etimadını doğrultmağa, Vətənə layiqli övlad olmağa çalışmalıyıq. Ona görə məktəb kollektivlərində izahat və maarifləndirmə işləri müntəzəm aparılmalıdır.
Şöbə rəisi, həmçinin bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib.
Sonra çıxış edən rayon icra hakimiyyətinin nümayəndəsi Fikrət Talıbov, rayon veteranlar şurasının sədri Rafiq Əliyev, təhsil şöbəsinin müdiri Rəşad Həsənov, rayon mərkəzi xəstəxanasının həkim-narkoloqu Oqtay Əmənullayev və digərləri polis əməkdaşları tərəfindən məktəblərdə belə görüşlərin keçirilməsini yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, yeniyetmə və gənclərlə keçirilən belə görüşlər onlarda bu bəlanın səbəb olduğu fəsadlar, acı nəticələri haqqında geniş təsəvvür yaradacaq.