Astara rayonunda heyvandarlıq məhsullarının istehsalı artıb
AzerTAg.az
Astara, 5 iyul, AZƏRTAC
Astara rayonunda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən heyvanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir.
Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov AZƏRTAC-a bildirib ki, 2022-ci il iyulun 1-nə olan məlumata görə, rayon üzrə 40 min 924 baş iribuynuzlu heyvan, 20 min 59 baş qoyun-keçi saxlanılır. İribuynuzlu heyvanın 48,5 faizini inək və camışlar təşkil edir.
Yarım ildə rayonda 1987,8 ton diri çəkidə ət, 13 min 606,7 ton süd, 4 milyon 526 min ədəd yumurta, 1 ton yun istehsal olunub. Əvvəlki illə müqayisədə ət istehsalı 4,2 ton, süd istehsalı 131,2 ton, yumurta istehsalı 5 min ədəd artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. 2022-ci ildə birinci yarısında rayonda 852 baş inək və düyə süni yolla mayalandırılıb, 375 baş cinsi yaxşılaşdırılmış buzov alınıb.

Xəbərin mətnində orfoqrafik səhv var