CƏMİYYƏT


Astara rayonunda şəhid ailələri ziyarət olunub

Bakı, 27 iyul, AZƏRTAC

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev növbəti dəfə şəhid ailələrini və qaziləri ziyarət etmək məqsədilə Astara rayonuna səfər edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, parlament sədrinin müavini Astara rayonunun Əzərüd kəndində şəhid Pəncəli Teymurovun ev muzeyini ziyarət edib, şəhid ailələri və qazilərlə görüşüb. Görüşdə şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla yad edilib.

Sonra şəhidlərin ailə üzvləri qəhrəman övladlarının həyatından, Vətən müharibəsində keçdikləri şanlı döyüş yolundan bəhs ediblər.

Görüşdə çıxış edən Adil Əliyev diqqətə çatdırıb ki, 30 ilə yaxın müddət ərzində Azərbaycan problemin sülh yolu ilə, danışıqlar vasitəsilə həllinə çalışıb. Lakin aparılan danışıqlar heç bir nəticə vermirdi, işğalçı Ermənistan isə müxtəlif təxribatlar törətməkdə davam edirdi. Düşmənin təxribatlarına son qoymaq, torpaqlarımızı işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlanıldı. O vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Vətən oğulları döyüş meydanında göstərdikləri şücaət sayəsində bu gün torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib.

Milli Məclis sədrinin müavini bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və abadlıq işləri uğurla həyata keçirilir, tezliklə Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

O qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə daim diqqət və qayğı göstərilir. Dövlətimiz tərəfindən onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlığının bərpası istiqamətində lazımi addımlar atılır. Eyni zamanda, vətəndaşlarımız da öz növbələrində şəhid ailələrinə və qazilərə böyük ehtiramla yanaşırlar. O, Vətən müharibəsinin qəhrəmanlarının həyat yolunun gələcək nəsillərə nümunə olduğunu bildirib.

Görüşün sonunda şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.