REGİONLAR
Astara şəhər 2 nömrəli tam orta məktəbin binasının əsaslı təmir işləri başa çatır
Astara, 28 avqust, Bağır Əliyev, AZƏRTAC
“Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2015-ci il 13 aprel tarixli Sərəncamı ilə ayrılmış 2,5 milyon vəsait hesabına əsaslı təmir edilən akademik Ziya Bünyadov adına Astara şəhər 2 nömrəli tam orta məktəb binasında son tamamlama işləri görülür.
AZƏRTAC xəbər verir ki, üçmərtəbəli və 4 korpusdan ibarət, 860 şagird yerlik məktəbdə əsaslı təmir işlərinə ötən ilin may ayında başlanılıb. Tikintidə “Dördlər” MMC-nin 50-yə yaxın inşaatçısı çalışır.
İş icraçısı Ağaqulu Məmmədovun verdiyi məlumata görə, təhsil ocağında 39 sinif otağından başqa, 2 idman və 1 akt zalı, 2 kompyuter otağı, fizika, kimya laboratoriyası və iki əmək kabineti var.
Məktəbin dam örtüyü yenilənib, ikinci mərtəbədə istilik sisteminin çəkilişi başa çatdırılıb, həyətyanı ərazidə nasosxana, içməli su anbarı inşa edilib.
Binada əsas işlər demək olar yekunlaşıb, hazırda son tamamlama işləri görülür.
Təhsil ocağı yeni dərs ilində yenidən öz qapılarını müəllim və şagirdlərin üzünə açacaq.