REGİONLAR
Astarada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilib
Astara, 20 yanvar, Bağır Əliyev, AZƏRTAC
Yanvarın 20-də ölkəmizin bütün bölgələrində olduğu kimi, Astara rayonunda da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların nümayəndələri, müharibə və əmək veteranları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin təmsilçiləri və şəhər sakinləri “Şəhidlər” abidə-kompleksinin önünə əklil və gül dəstələri düzüblər.
Anım tədbirində şəhidlərin ruhuna dualar oxunub.
Mərasimdə qeyd olunub ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin soyuq qış gecəsində imperiya ordusunun vəhşiliyi nəticəsində 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Yaralananlar arasında qadınlar və uşaqlar da vardı. Onlardan bəziləri ömürlük şikəst oldu.
Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən 20 Yanvar faciəsi, cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətini, öz azadlığına, müstəqilliyinə qalxan xalqın isə mübarizliyini, məğrurluğunu nümayişi idi.
Qanlı Yanvar faciəsi törədilən günlərdə ulu öndər Heydər Əliyev heç bir təzyiq və təqibdən çəkinməyərək, özünün və doğmalarının həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, bu faciəyə səssiz qalmadı və kəskin bəyanat verdi. Bu, xalqının başına gətirilən dəhşətli müsibətlərdən hiddətlənmiş bir tarixi şəxsiyyətin, siyasi xadimin Azərbaycan həqiqətləri ilə dünyanı silkələyən mərd, mübariz, böyük vətəndaş çağırışı idi.
1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi, həmin faciədə həlak olan vətən övladları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar.
Diqqətə çatdırılıb ki, həmin müdhiş qış gecəsində imperiya əsgərlərinin gülləsinə tuş gələnlərdən ikisi astaralı idi. Bunlar rayonun Balaca Şahağac kənd sakini Əliyev Çingiz Mirzəhüseyn oğlu və Səlivə kənd sakini Əsgərov Novruz Faiq oğludur.
Anım mərasimində məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbir iştirakçıları 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş kitab və rəsm sərgisi ilə tanış olublar.