MƏDƏNİYYƏT
Astarada Əməkdar Artist Əliqulu Səmədovla görüş olmuşdur
Astara, 4 sentyabr (AZƏRTAC). Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyində Əməkdar Artist, kinoaktyor Əliqulu Səmədovla görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçlığı ilə keçirilən tədbirdə ziyalılar, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Toplantıda rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılovanın Ə.Səmədovun yaradıcılığına həsr olunmuş “Azərbaycan kinosuna xidmət edən sənətkar” mövzusunda məruzəsi dinlənilmişdir.
Qeyd olunmuşdur ki, Astara şəhərində anadan olmuş Əliqulu Səmədov Rusiyanın paytaxtı Moskva şəhərində Ümuittifaq Dövlət Kinematoqrafiya İnstitutunda tanınmış sovet aktyoru, SSRİ Xalq Artisti Yevgeni Matveyevdən aktyorluq dərsi almış, Vətənə qayıdandan sonra bır sıra filmlərdə yaddaqalan obrazlar yaratmışdır.
Onun “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Nizami”, “Qara gölün cəngavəri”, “Atları yəhərləyin”, “Yol əhvalatı”, “Bağlı qapı arxasında”, “Papaq”, “Bəyin oğurlanması”, “Cavad xan” və başqa filmlərdə oynadığı rollar tamaşaçlar tərəfindən rəğbətlə qarşılanmışdır.
Ə.Səmədov, həmçinin, Rusiya, Ukrayna, Türkiyə və İranda istehsal olunan filmlərə dəvət alaraq irili-xırdalı müxtəlif rollara çəkilmişdir.
Bildirilmişdir ki, istedadlı aktyorun kino sənətindəki əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Prezident İlham Əliyevin 2011-ci il 28 iyun tarixli Sərəncamı ilə Azərbaycan Kinemotoqrafiyasının inkişafında səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikasının Əməkdar Artisti” fəxri adına layiq görülmüşdür.
Görüşdə çıxış edənlər Ə.Səmədovun Azərbaycan kino sənətindəki fəaliyyətini yüksək qiymətləndirmiş, ona yeni yaradıcılıq uğurları arzulamışlar.