REGİONLAR
Astarada Beynəlxalq Muzeylər Gününə həsr olunmuş videokonfrans keçirilib
Astara, 18 may, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Heydər Əliyev Mərkəzinin, Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş videokonfrans keçirilib.
Onlayn tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara Rayon Heydər Əliyev Mərkəzinin, Rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Astara Rayon Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda çıxış edən Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova Beynəlxalq Muzeylər Gününün Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis edildiyini, bu bayramın bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirildiyini bildirib.
Sonra Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndəsi Şadoğlan Bayramov, Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülzar İsmayılova, Muzeyin baş fond mühafizi Şahin Əliyev, Rayon Dövlət Rəsm Qalereyasının ekskursiya rəhbəri Ülviyyə Mirzəyeva çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına həmişə qayğı göstərib. Ulu öndər Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş siyasət bu gün Prezident İlham Əliyev, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.