REGİONLAR
Astarada Dövlət Müstəqilliyi Günü bir sıra tədbirlərlə qeyd olunub
Astara, 16 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 16-da Astara şəhərindəki park-bulvar kompleksində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş yürüş, fləşmob, nümunəvi idman çıxışları və kross qaçışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Müstəqilliyimiz əbədidir” devizi ilə keçirilən yürüş iştirakçıları şəhərin 28 may, Cəfər Cabbarlı və Şahin Əliyev küçəsindən başlayaraq dənizkənarı park bulvar-kompleksində yerləşən Bayraq meydanına doğru istiqamət götürüblər.
Yürüşdə iştirak edən gənclər əllərində “Müstəqilliyimiz əbədidir”, “Mən azadam”, “Müstəqillik”, “Yaşasın Azərbaycan!”, “İlhamla irəli!” və sair şüarlardan ibarət plakatlar, o cümlədən Dövlət bayraqları ilə Bayraq meydanına daxil olublar.
Tədbirdə Azərbaycanın Dövlət himni canlı ifa edilib, sülh rəmzi olan göyərçinlər və üçrəngli bayrağımızın rənglərinə boyanmış hava balonları səmaya buraxılaraq fləşmob keçirilib.
Sonra sərbəst güləş və boks növləri üzrə nümunəvi idman çıxışları nümayiş etdirilib, 550 nəfərdən çox gənc, tələbə və idmançı arasında kross qaçışı keçirilib.
Tədbirdə 1500-dən çox rayon sakini iştirak edib.