REGİONLAR


Astarada “İnsan hüquqları aylığı” çərçivəsində videokonfrans təşkil olunub

Astara, 1 iyun, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Heydər Əliyev Mərkəzində Ombudsmanın Cəlilabad Regional Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən “İnsan hüquqları aylığı” çərçivəsində “Hər kəsin sağlamlığının qorunması və tibbi yardım almaq hüququ var” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda Astara Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri və fəal gənclər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə çıxış edən Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkəmizin vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi bəyan edildiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənəd olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunub.

Azərbaycan dövlətinin insan hüquqlarına verdiyi ali dəyərin bariz təzahürüdür ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci 18 iyun il tarixli Sərəncamına əsasən, insan hüquqlarına dair ilk strateji sənədin qəbul edildiyi 18 iyun tarixi ölkəmizdə Milli İnsan Hüquqları Günü kimi qeyd olunur.

Bu əlamətdar gün ərəfəsində Ombudsmanın təşəbbüsü ilə hər il 18 may - 18 iyun tarixlərində ölkəmizdə “İnsan hüquqları aylığı” keçirilir. Aidiyyəti dövlət qurumları, mərkəzi və yerli icra hakimiyyəti orqanları, elm və təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları, o cümlədən, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri tərəfindən ölkənin bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər təşkil edilir.

Bildirilib ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən xüsusi karantin rejimi tətbiq olunub, profilaktik və mübarizə xarakterli təxirəsalınmaz sosial izolyasiya tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş müvafiq qərarlara əsaslanaraq ölkəmizdə kütləvi tədbirlərin keçirilməsi də təxirə salınıb. Əhali qruplarının hüquqi maarifləndirilməsi, xüsusilə də sağlamlıq hüquqlarının təbliğinə əsaslanan məlumatlandırma tədbirləri müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməklə həyata keçirilir.

Ziya İsmayılov çıxışında vurğulayıb ki, sağlamlığın qorunması hər kəsin fiziki sağlamlığının möhkəmləndirilməsinə, uzunmüddətli həyat fəaliyyətinin təmin edilməsinə, müvafiq tibbi yardımın göstərilməsi və digər mühüm tədbirlər sisteminin məcmusundan ibarətdir.

Videokonfransda mövzu ilə bağlı çıxış edən Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində mühüm tədbirlərin həyata keçirilməsi, tibbi və sosial yardımın bütün əhali qrupları üçün mümkünlüyü və bu sahədə əldə olunan uğurlar barədə danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.