REGİONLAR


Astarada “İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar- şəxsi həyat” mövzusunda seminar keçirilib

Astara, 12 iyul, Bağır Əliyev, AZƏRTAC

İyulun 12-də Astara şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyin təşkilatçılığı ilə “İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar-“Şəxsi həyat” mövzusunda konfrans və seminarların təşkili” layihəsi çərçivəsində təlim məşğələsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən layihə rəhbəri, Mətbuat Şurasının sədr müavini, “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyin sədri Müşfiq Ələsgərli layihənin məqsəd və vəzifələri barədə danışıb. Qeyd olunub ki, “Xüsusi kateqoriyalı fərdi məlumatların”, onun mühüm qollarından olan “Şəxsi həyatın” qorunması dünyada insan hüquqlarının ən önəmli prinsiplərindən biri, onlayn medianın trend problemlərindən biri kimi qəbul edilir.

Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi “Şəxsi həyatın qorunması”nı ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi də “Şəxsi həyata” aid informasiyaların qorunmasına, ona hörmətlə yanaşılmasına təminat verir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155-ci və 156-cı maddələri başqalarının “Şəxsi həyat” prinsipini pozmağa görə cinayət məsuliyyətini nəzərdə tutur.

Bildirilib ki, mövzunun həssaslığını nəzərə alaraq Milli Məclis “Fərdi məlumatların qorunması” adlı Qanun qəbul edib. Bu Qanun “Fərdi məlumat” kateqoriyasına daxil olan informasiyaların təsnifatını verməklə yanaşı, bu tip informasiyalarla necə davranılmasının vacib olduğunu da izah edir.

“Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın 3-cü prinsipi də “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” mövzusuna həsr olunub.

Diqqətə çatdırılıb ki, ənənəvi media mövcud qanunlara istinad edərək mövzuya həmişə həssas yanaşıb. Ancaq internetin sürətli inkişaf etməsi ilə bu sahədə yeni problemlər ortaya çıxıb, “Şəxsi həyat”ın qorunması mövzusu aktuallaşıb.

Azərbaycanda da bu məsələ aktualdır. İnternet xəbər istehsalçılarının bilərəkdən və ya bilməyərəkdən “Xüsusi kateqoriyalı fərdi məlumatların-“Şəxsi həyat”ın qorunması prinsipini pozmaları, bu sahədə mövcud olan qanunlara laqeyd yanaşmaları müşahidə edilir. Mətbuat Şurasının açıqladığı illik hesabatlardan məlum olur ki, Şuraya il ərzində daxil olmuş şikayətlərin bir qismi məhz “Şəxsi həyat” sirrinin onlayn mediada pozulmasına aiddir.

Seminarda media eksperti Nəzirə Nurullayevanın “İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda məruzəsi dinlənilib.

Açıq diskussiya şəklində davam edən müzakirələrdə çıxış edənlər mövzu ilə bağlı rəy və təkliflərini bildiriblər.

Təlim məşğələsinin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.