CƏMİYYƏT
Astarada “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı aparatının nümayəndəsi Mərasim Hacıyev rayonda mövcud olan dini durum barədə konfrans iştirakçılarına məlumat verib. M.Hacıyev “İslam Həmrəyliyi İli” çərçivəsində bölgədə həyata keçirilmiş tədbirlərin əhəmiyyətindən bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam dünyasının həmrəyliyinə verilən böyük önəmin göstəricisi olduğunu bildirib. Gündüz İsmayılov ölkəmizdəki tolerantlıq mühitinin dünyaya nümunə olduğunu, respublikamızda istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını vurğulayıb.
Dövlət Komitəsi tərəfindən maarifləndirmə məqsədilə rayon və şəhərlərdə ardıcıl olaraq “dəyirmi masa”ların və konfransların keçirildiyini qeyd edən G.İsmayılov diqqətə çatdırıb ki, bu tədbirlərin keçirilməsi dövlət-din münasibətlərinin, İslam həmrəyliyinin, ölkəmizin tolerantlıq ənənələrinin qorunması və daha da inkişaf etdirilməsi məqsədi daşıyır.
Konfrans müzakirələrlə davam etdirilib.