REGİONLAR
Astarada “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib
Astara, 11 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun Ərçivan qəsəbə 1 nömrəli tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda keçirilən maarifləndirici tədbirdə əsrin bəlasına çevrilən “ağ ölüm”ün törətdiyi fəsadlar və ona qarşı mübarizə tədbirləri ilə bağlı müzakirələr aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini vurğulayıb. O deyib: “Hər birimiz çalışmalıyıq ki, gənc nəsil sağlam böyüsün, valideynlərinin etimadını doğrultsun, Vətənə layiqli övlad olsun. Təəssüf ki, aramızda narkomaniyaya meyil edən yeniyetmə və gənclərə də rast gəlmək olur. Ümumtəhsil məktəblərində bu mövzuda maarifləndirmə tədbirləri müntəzəm aparılmalıdır”.
Yetkinlik yaşına çatmayanlarla işlər üzrə inspektor, polis baş leytenantı Amal Rzayev çıxışında narkomaniyanın zərərləri barədə məktəblilər arasında geniş təbliğat və izahat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb. Bildirib ki, pedaqoji kollektivlər məktəblilərin davranışlarını müntəzəm izləməli, siqaret çəkən və digər xoşagəlməz hərəkətlərə yol verən şagirdləri müəyyənləşdirərək aidiyyəti orqanlara vaxtında məlumat verməlidirlər.
Tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi Elnur Rəsulov, gənclər və idman idarəsinin rəis müavini İqrar Cəfərov, rayon veteranlar təşkilatının sədri Rafiq Əliyev narkomaniyaya qarşı mübarizə işində təkliflərini bildiriblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.