REGİONLAR
Astarada Ramazan ayının başlanması ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilib
Astara, 3 may, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Astara Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə Ramazan ayının başlanması ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Toplantıda qeyd olunub ki, rayonda Ramazan ayı ilə əlaqədar keçirilən tədbirlər mövcud qanunvericiliyin tələbləri gözlənilməklə və QMİ-nin fətvasına uyğun keçirilməlidir.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında Ramazan ayının başlanması ilə əlaqədar dini icma sədrlərinin qarşısında duran vəzifələrdən danışaraq, məscidlərdə azanların QMİ tərəfindən tərtib edilmiş təqvimə uyğun verilməsinin zəruriliyini bildirib.
T.Həsənzadə məzhəblərarası təfriqə və ayrı-seçkilik yaradan təqvimlərdən heç bir vəchlə istifadə etməmələrini din xadimlərinin diqqətinə çatdırıb.
QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli çıxışında dövlətin dini sahəyə qayğısından danışıb.
İ.Həsənli Ramazan ayı ilə bağlı dini icma sədrləri və din xadimlərinə tövsiyələrini çatdıraraq, vəhdətin qorunması, eləcə də tədbirlərin QMİ-nin fətvasına uyğun keçirilməsinin vacibliyini vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.