REGİONLAR
Astarada Vətən müharibəsi qazisi ilə görüş keçirilib
Astara, 8 fevral, Bağır Əliyev, AZƏRTAC
Astaranın Səncərədi kəndində karantin rejiminin tələblərinə riayət edilməklə Vətən müharibəsinin qazisi, leytenant Əmrah Bayramovla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, igid döyüşçüyə evində baş çəkən görüş iştirakçıları, onun səhhəti və problemləri ilə maraqlanıblar.
Qeyd edək ki, 2019-cu ildən Azərbaycan Ordusunda leytenant rütbəsində xidmət edən Ə.Bayramov Vətən müharibəsi başlanan ilk gündən döyüşlərə qatılıb. O, Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının bir çox yaşayış məntəqələrinin düşməndən azad edilməsində yüksək peşəkarlığı ilə fərqlənib. Oktyabrın 25-də Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanıb.
Vətən müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüşdə bildirilib ki, Səncərədi Vətən müharibəsində Astara rayonundan ən çox şəhid verən kənddir. Rayonda şəhidlərin xatirəsinə yaradılan xiyaban yenidən qurulur, Astara şəhərində “Zəfər parkı” salınır. Xalqımızın qəhrəmanlıq tarixini yazan şəhidlərin xatirəsi heç vaxt unudulmayacaq.
Sonda Vətən müharibəsinin qazisinə Astara Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.