REGİONLAR
Astarada Xocalı soyqırımına həsr olunmuş tarix dərsləri keçirilir
Astara, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Astara şəhərindəki Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri üçün Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “XX əsrin faciəsi - Xocalı” mövzusunda tarix dərsləri keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dərslərdə Ərçivan qəsəbə 3 nömrəli, Pensər kənd 2 nömrəli, Təngərüd kənd tam orta, Qapıçıməhəllə və Selakaran kənd ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
Tarix dərslərində Mərkəzin bələdçisi Cəmalə Məmmədovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.
Şagirdlərə məlumat verilib ki, Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalıya hücuma keçərək bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq şəhərə zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar.
Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında, bu qətliama siyasi və hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri böyükdür.
Prezident İlham Əliyevin səyi, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın dövlət siyasətinin əsasında terrorçuluq və işğalçılıq dayanır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" beynəlxalq kampaniyasında da məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri beynəlxalq aləmə yaymaqdır.
Tarix dərslərindən sonra məktəblilər Mərkəzin fondunda saxlanılan Xocalı şəhidlərinin fotoşəkillərinə və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.