REGİONLAR


Astarada akademik Sudeyif İmamverdiyevin 80 illik yubileyi qeyd olunub

Astara, 7 dekabr, Bağır Əliyev, AZƏRTAC

Dekabrın 7-də Astara Rayon Mədəniyyət Mərkəzində Əməkdаr elm xadimi, AMEA-nın müxbir üzvü, Azərbaycan Tibb Universitetinin urоlоgiyа kаfedrаsının müdiri, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “Şöhrət” və “Şərəf” ordenli Sudeyif İmamverdiyevin 80 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə görkəmli alimin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıblar.

Tədbirin aparıcısı, rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacızadə yubilyarın ömür yolu barədə məlumat verib. Qeyd olunub ki, 1938-ci il iyulun 2-də Astara şəhərində ziyalı ailəsində anadan olan Sudeyif İmamverdiyevin elmi-pedaqoji fəaliyyəti çoxsahəli və əhatəlidir. O, Azərbaycanda urologiyanın və andrologiyanın aktual istiqamətlərinin inkişafında önəmli nailiyyətlər qazanıb.

Diqqətə çatdırılıb ki, S.İmamverdiyev ölkəmizin dar günündə, yenicə bərpa olunmuş müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdiyimiz bir dövrdə ulu öndər Heydər Əliyevə siyasi partiya yaradılması ilə əlaqədar müraciət edən məşhur “91-lər”dən biridir. Yaradılan gündən YAP Siyasi Şurasının üzvü olan tanınmış ziyalı bu gün də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.

Yubiley mərasimində çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının dosenti, tibb elmləri doktoru Rauf Nağıyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, hüquq elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının hüquq kafedrasının müdiri, Əməkdar müəllim İbrahim Quliyev, Astara Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev Sudeyif İmamverdiyevi 80 illik yubileyi münasibətilə təbrik edərək, ona ən xoş arzularını çatdırıblar.

Akademik Sudeyif İmamverdiyev ona göstərilən diqqət və qayğıya, əməyinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Yubiley mərasimində Astara Rayon Mədəniyyət Mərkəzinin “Sevinc” xalq instrumental ansamblı və Kakalos kənd folklor evinin “Əvəsor” folklor kollektivi konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.