REGİONLAR
Astarada akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub
Astara, 28 aprel, İlkin Adıyev, AZƏRTAC
Astarada Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ulu Öndərin və akademik Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, fəaliyyətindən bəhs edən videofilm izlənilib.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbirdə çıxış edərək bildirib ki, bu gün yüksək elmi nailiyyətləri, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olduğu gündür. Adı Azərbaycanın XX əsr tarixinin ən görkəmli və yaradıcı simaları sırasına qızıl hərflərlə yazılmış Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə, 1947-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1947-1949-cu illərdə Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə təhsilini davam etdirib.
Əmək fəaliyyətinə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda başlayan Zərifə xanım Əliyeva 1983-cü ildə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının müdiri vəzifəsinə seçilib. Akademik Zərifə Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Bakıda ilk dəfə 1977-ci ildə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin Plenumu yüksək səviyyədə keçirilib. Zərifə Əliyeva SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub.
Bu böyük alim və şəxsiyyətin dövlət və xalq qarşısında xidmətləri layiqincə qiymətləndirilib, ən yüksək orden və medallarla təltif edilib. Zərifə xanım Əliyeva 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının “Akademik Averbax” mükafatı ilə təltif olunan ilk qadın alimdir. 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilib.
Zərifə xanım müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin məslək və əqidə silahdaşı, vəfalı ömür-gün yoldaşı olub.
Artıq bir neçə ildir ki, Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri görkəmli akademikin ad günü ərəfəsində rayonda aksiya keçirir, sakinlərin müayinə, müalicəsini aparır və cərrahi əməliyyatlar icra edirlər. Bu ənənəvi aksiyanın bu il Ulu Öndərin doğum günündə keçirilməsi nəzərdə tutulub.
Çıxışlarda akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub. Vurğulanıb ki, Azərbaycan xalqı var olduqca Zərifə xanım Əliyeva görkəmli alim, gözəl həkim, mehriban və çox nəcib insan kimi daim qəlblərdə yaşayacaq.